Noyabrın sonuna qədər Rusiya və Ukrayna vətəndaşlarının Azərbaycandan vətənlərinə qayıtması üçün çarter reyslərinə başlanması nəzərdə tutulur.
Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən Elitinfo.az-a bildirilib ki, noyabrın 26-dan etibarən “Aeroflot” aviaşirkəti Bakı-Moskva marşrutu üzrə müntəzəm çarter reyslərini həyata keçirməyə başlayacaq. Uçuşlar həftədə iki dəfə – cümə axşamı və bazar günləri yerinə yetiriləcək.
Bundan əlavə, “SkyUp Airlines” aviaşirkəti noyabrın 30-da Ukrayna vətəndaşlarını vətənlərinə qaytarmaq üçün Bakı-Kiyev çarter reysini həyata keçirəcək.
Qeyd edək ki, yalnız vətəndaşlığı və ya təyinat ölkəsinə giriş hüququ olan, eləcə də koronavirus (COVID-19) testindən keçərək mənfi nəticə alan sərnişinlər uçuşlara buraxılacaq.