Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir. Ağdamın işğaldan azad edilməsi noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın müvafiq maddəsinin yerinə yetirilməsidir. Ağdamın hərbi əməliyyat keçirilmədən, siyasi yolla işğaldan azad edilərək ölkəmizin yurisdiksiyasına qaytarılması dünyada örnəyi o qədər də çox olmayan nadir hadisələrdəndir. Bu tarixi hadisə münasibətilə ən böyük təbrik və təşəkkür Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev başda olmaqla, şanlı ordumuza düşür.

Bu fikirləri Elitinfo.az-a açıqlamasında Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva bildirib.

Q.Paşayeva deyib: “Dövlətimizin başçısının qeyd etdiyi kimi, əgər Azərbaycan Ermənistanı döyüş meydanında məğlub etməsəydi, Ermənistan öz xoşu ilə bizim torpaqlarımızdan çıxmayacaqdı. Düşmən işğal edilmiş torpaqlarda elə bir güclü istehkam qurmuşdu ki, ordumuz oradan keçə bilməsin. Amma düşmən bir şeyi unutdu ki, ürəyi Vətən yanğısı ilə yanan xalqın, ordunun qarşısını heç nə və heç kəs saxlaya bilməz. Onlar Azərbaycan Ordusunun, Azərbaycan xalqının nəyə qadir olduğunu hesablaya bilmədilər. Azərbaycanı qələbəyə aparan haqq işimiz, birliyimiz oldu. Hamı bir nəfər kimi Müzəffər Ali Baş Komandanın ətrafında səfərbər oldu və bu da Qələbəmizi şərtləndirdi.

Deputat əminliklə qeyd edib ki, tezliklə Ağdam yenidən qurulacaq, orada əvvəllər mövcud olmuş qaynar həyat geri qayıdacaq. O qaynar həyatın içində mədəniyyət müəssisələrinin öz ziyarətçilərini qəbul edəcəyi günü həyəcanla gözləyirik. Dövlətimiz Ağdamda bütün tarixi-mədəni abidələri, mədəniyyət obyektlərini bərpa edəcək.

Bəli, tarix Azərbaycanı, dövlətimizin başçısını haqlı çıxardı. Ermənistan-Azərbaycan münaqişəsinin həlli Ermənistanın təqsiri üzündən siyasi-diplomatik yolla mümkün olmadı, məhz hərbi-siyasi yol öz müsbət nəticəsini verdi. Baxmayaraq ki, Azərbaycan Respublikası 30 ilə yaxın müddətdə məhz siyasi-diplomatik yolla həll variantı üçün nə mümkündürsə, onu etdi. Bütün dünya aydın şəkildə gördü ki, məhz işğalçı Ermənistanın hüquqtanımaz mövqeyinə görə bu həll mümkün olmadı. Beləliklə, Azərbaycanın dəmir yumruğu öz tarixi missiyasını yerinə yetirmiş oldu. Bununla da BMT Təhlükəsizlik Şurasının müvafiq qətnaməsi yerinə yetirilmiş oldu.

Q.Paşayeva bildirib ki, BMT-nin 1993-cü il iyulun 29-da qəbul etdiyi 853 saylı qətnamə bölgədəki hərbi əməliyyatlara son qoymağı, erməni qoşunlarının Ağdamı və son dövrlərdə işğal etdiyi Azərbaycan torpaqlarınından geri çəkilməsini tələb edirdi. (Bu qətnamə, həmçinin 822 saylı qətnaməyə də əməl olunmasını tələb edirdi). Yəni, öz ərazimizi azad etmək bizim tam qanuni haqqımızdır. Bu, beynəlxalq hüquqda da belədir, tarixi əsaslarla da. Bu gün yaşadığımız günlər, anlar hər bir azərbaycanlının yaddaşında əbədi qalacaq.

Deputat deyib ki, Ağdam şəhəri işğal illərində “ruhlar şəhəri”nə çevrilib. Amma Ağdamın Quzanlı qəsəbəsində inkişaf göz oxşayır. Ağdam rayonunun mərkəzi funksiyasını yerinə yetirən Quzanlı qəsəbəsində sosial obyektlər, infrastruktur və sənaye müəssisələri, insanlar üçün iş yerləri yaradılıb, infrastruktur layihələri icra olunub, Olimpiya İdman Kompleksi, xəstəxana, məktəblər, Muğam Mərkəzi inşa edilib. Ağdamın ərazisində qədim tarixə malik olan çoxlu memarlıq və incəsənət abidələri var idi. İşğalçı rejim II Qarabağ müharibəsinin son günlərinədək Ağdamda qanunsuz arxeoloji qazıntılar aparıb və tapılmış artefaktlar Ermənistana daşınıb: “Düşmən Ağdamda olan evləri dağıtmaqla yanaşı, onun daşlarını da söküb aparıb. Mədəni abidələri talan edərək bütün infrastrukturu məhv edib. Çörək Muzeyi, Tarix Ölkəşünaslıq Muzeyi, tarzən Qurban Pirimovun Xatirə Muzeyi və Ağdam Şəkil Qalereyası, Xaçındərbənd kəndindəki 1314-cü ildə tikilmiş Qutlu Sarı Musa oğlu Künbəzi, Kəngərli kəndindəki XIV yüz ilə aid Türbə və Daş abidələr, Papravənd kəndində XVIII yüz ilə aid kümbəz və məscid, İmarət deyilən yerdəki XVIII yüz ilə aid abidələr, Xan qızı Xurşidbanu Natəvanın və onun oğlunun türbələri, Şahbulaq qalası və Karvansara vəhşicəsinə dağıdılıb. Bundan başqa, Papravənd kəndində yerləşən Şeyx Nigar, Seyid Miriş ağa, Qara Pirim və digər ziyarətgahlar darmadağın edilib. Ağdam şəhərinin mərkəzində yerləşən qədim memarlıq abidəsi sayılan məscid və onun minarələri də vəhşicəsinə uçurulub. Bu vəhşiliklər, “Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyasının 1999-cu il protokolunun (Ermənistan da bu protokolun üzvüdür), “Arxeoloji irsin qorunması haqqında” 1992-ci il tarixli Avropa Konvensiyasının tələblərinin, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarının pozulmasıdır.

Dövlətimiz erməni vandalizminin cəzalandırılması üçün bütün hüquqi imkanlardan istifadə edəcək. Bu məsələdə vətəndaş cəmiyyəti institutlarının da fəallıq göstərməsi ümumi işin xeyrinə olardı. Ağdam Azərbaycan elminə və mədəniyyətinə Süleyman Sani Axundov, Şahmar Əkbərzadə, Famil Mehdi, Əhməd Ağdamski, Qurban Pirimov, Sara Qədimova, Qədir Rüstəmov, Arif Babayev, Mənsum İbrahimov, akademik Zakir Məmmədov, fəlsəfə elmləri doktoru Ziyəddin Göyüşov, tarix elmləri doktoru Rəşid Göyüşov, mineralogiya elmləri doktoru Xudu Məmmədov və b. onlarla görkəmli şəxsiyyət bəxş edib.

“Heç şübhə etmirik ki, Ağdam yenidən Azərbaycanın ən zəngin, mədəniyyətin, digər əməli fəaliyyət sahələrinin gur inkişaf etdiyi rayonlarından birinə çevriləcək. Dövlət başçımız xalqa müraciətində də vurğuladığı kimi, Ağdam şəhərinin bərpası üçün baş plan hazırlanacaq, mütəxəssislər cəlb olunacaq, infrastruktur layihələri planlı şəkildə icra ediləcək, inzibati binalar, sosial obyektlər, yollar və digər lazım olan işlər görüləcək”, – deyə Qənirə Paşayeva fikirlərini yekunlaşdırıb.