Partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə mina aksiyasının mühüm tərkib hissələrindən biri olmaqla mina, partlamamış hərbi sursat, müharibənin partlayıcı qalıqları və tərkibində partlayıcı olan qurğuların təhlükəsi olan ərazilərdə və onlara yaxın yerlərdə məskunlaşan əhali arasında təhlükəsiz davranış qaydaları və məlumatların yayılmasını, onların xəbərdar edilməsini, eyni zamanda, mina və partlamamış hərbi sursatlarla çirklənmiş ərazilərdə inkişaf və yenidənqurma layihələrinin həyata keçirilməsinə təminatı da nəzərdə tutur.
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Elitinfo.az-a bildirilib ki, maarifləndirmə fəaliyyəti 26 rayon və şəhəri əhatə edir. Bura həmçinin işğal olunmuş ərazilərdən məcburi köçkün düşərək cəbhə bölgələrində məskunlaşmış əhali kateqoriyası da daxildir.
2004-2005-ci tədris ilində Təhsil Nazirliyi, ANAMA və UNICEF rəhbərləri arasında anlaşma memorandumu imzalanıb. Bu, maarifləndirmə proqramının orta məktəblərin tədris kursuna inteqrasiyasını nəzərdə tuturdu. Bu günədək 26 rayon və şəhərin 1200 məktəbində 3635 müəllimə 195 təlim keçirilib. Hər il orta məktəblərdə 55 min şagirdə partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə dərsləri keçirilir. İndiyədək bu dərslər orta məktəblərin 765 min şagirdini əhatə edib.
Maarifləndirmə proqramı çərçivəsində həyata keçirilən bütün fəaliyyətin nəticəsi olaraq, son illərdə minadan və müharibənin partlayıcı qalıqlarından zərərçəkənlərin sayı minimuma enib.
Bu il sentyabrın 27-dən noyabrın 9-dək Qarabağ və ətrafında yaşanan münaqişə genişmiqyaslı müharibəyə səbəb olub və nəticədə bir çox ərazilər partlamamış hərbi sursatlarla çirklənib. Bu da çox sayda mülki əhalinin ölümünə və yaralanmasına səbəb ola bilər.
Sentyabrın 27-dən etibarən agentlik tərəfindən cəbhəboyu ərazilərdə operativ və təxirəsalınmaz əməliyyat çıxışlarını həyata keçirmək məqsədilə çevik mobil əməliyyat qrupları yerləşdirilib və sakinlərə yerlərdə təhlükəsiz hərəkət qaydalarını təmin etmək məqsədilə partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə mütəxəssisləri rayonlara ezam olunublar.
Ermənistan silahlı qüvvələri tərəfindən davamlı olaraq artilleriya atəşinə məruz qalmış yaşayış məntəqələri və əkin sahələri sursatlarla çirklənmiş ərazilərdir və atəşə tutulan bu ərazilər təhlükəli ərazi hesab olunur.
Bununla əlaqədar agentliyin partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə şöbəsinin mütəxəssisləri əhalinin müxtəlif növ hərbi sursatlara qarşı həssaslığını artırmaq, onları mövcud təhlükədən xəbərdar etmək məqsədilə müharibə bölgələrində əhali arasında maarifləndirmə işlərini həyata keçirir. Belə ki, indiyədək minlərlə sakin, o cümlədən uşaq mina təhlükəsinə dair maarifləndirmə proqramı çərçivəsində müxtəlif növ bukletlər və xəbərdaredici təbliğat vasitələri ilə təmin edilib, eyni zamanda, əhalinin daha çox hərəkət etdiyi ictimai yerlərin, ofislərin, hökumət binalarının giriş qapılarına və pəncərələrinə kiçik plakatlar yapışdırılıb.
Maarifləndirmə proqramı çərçivəsində agentliyin fəaliyyətinə ilk dəstək verən UNICEF-in Azərbaycandakı nümayəndəliyi olub. Nümayəndəlik tərəfindən xəbərdaredici və maarifləndirici materiallar, o cümlədən yaşlılar və uşaqlar üçün bukletlər, açıqçalar, bloknotlar, qələmlər, xəbərdaredici və maarifləndirici plakatlar və təhlükəli ərazilərdə quraşdırmaq üçün irihəcmli plakatlar hazırlanaraq agentliyə təqdim edilib. Agentlik isə maarifləndirici materialları mina və partlamamış hərbi sursat təhlükəsinə məruz qalmış rayon və kənd sakinləri arasında paylayıb və onlara təhlükəsiz davranış qaydaları və müvafiq tövsiyələri verib.
ANAMA hərbi sursat olma ehtimalı olan ərazilərdə mülki əhali arasında təhlükəsiz davranış qaydalarının təmin edilməsinə dair partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə üzrə məlumatlandırma kampaniyası istiqamətində UNICEF-lə uzunmüddətli əməkdaşlıq fürsətlərini müzakirə etməyə hazırdır.
Nümayəndəlik Ermənistan silahlı qüvvələri tərəfindən artilleriya atəşinə məruz qalan ərazilərdə və onlara yaxın yerlərdə məskunlaşan əhali arasında təhlükəsiz davranış qaydaları və məlumatların yayılmasında agentliyə dəstək olub.
ANAMA sakinləri naməlum əşyalara toxunmamağa, xüsusilə də uşaqları tanımadıqları əşyalara əl vurmamağa və dərhal aidiyyəti üzrə (Daxili İşlər Nazirliyinin 102 Xidməti – Zəng Mərkəzinə, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə, rayon polis şöbələri, eləcə də rayon icra hakimiyyəti orqanlarına) müraciət etməyə çağırır.