Bu gün Çexiyanın paytaxtı Praqada Avropa çempionatı start götürəcək. Tamaşaçısız keçiriləcək yarış noyabrın 21-dək davam edəcək.

Elitinfo.az xəbər verir ki, qitə çempionatında Azərbaycanı 14 cüdoçu təmsil edəcək. Belə ki, kişilər arasında Nicat Şıxəlizadə, Orxan Səfərov (66 kq), Rüstəm Orucov, Telman Vəliyev (73 kq), Murad Fətiyev (81 kq), Məmmədəli Mehdiyev (90 kq), Zelim Kotsoyev, Elmar Qasımov (hər ikisi 100 kq), Uşangi Kokauri (100 kiloqramdan yuxarı) güclərini sınayacaqlar.

Qadın cüdoçuların yarışında isə Aişə Qurbanlı, Leyla Əliyeva (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva (52 kq), Aleksandra-Larisa Florian (57 kq), İrina Kindzerska (78 kiloqramdan yuxarı) mübarizə aparacaqlar.

Komandamız qitə çempionatına qatılan yığmalar arasında güclülərdən hesab olunur. Ötənilki analoji yarışı yığmamız biri gümüş, dördü isə bürünc olmaqla beş medalla başa vurub. Gümüş medalı komandamızın aktivinə Rüstəm Orucov yazdırıb. Bürünc medallara isə Hidayət Heydərov, Məmmədəli Mehdiyev, Elmar Qasımov və İrina Kindzerska sahib olublar.
Qeyd edək ki, qitə çempionatı II Avropa Oyunları çərçivəsində keçirilmişdi.

Builki qitə çempionatına da cüdoçularımız yaxşı hazırlaşıblar. Azərbaycan Cüdo Federasiyasının baş katibi Elmar Babanlı Elitinfo.az-a müsahibəsində bütün idmançılarımızın medal şanslarının olduğunu bildirib: “İdmançılarımızın medal şanslarını qiymətləndirərkən R.Orucovu xüsusi qeyd etməliyik. Cüdoçumuz öz çəki dərəcəsində qitə çempionatının reytinq favoritidir. Bu il Macarıstan və Almaniyada keçirilmiş “Böyük dəbilqə” turnirlərində qızıl və bürünc medallar qazanıb.

Macarıstandakı yarışda O.Səfərov və M.Mehdiyev də bürünc medallarla fərqləniblər. Düsseldorf “Böyük dəbilqə”sində isə E.Qasımov gümüş, Z.Kotsoyev bürünc medal əldə ediblər. Həmin yarışda ikinci yeri tutan qadın cüdoçumuz İ.Kinderskanı da xüsusi vurğulamaq lazımdır. Güclü reytinqə malik idmançımız ciddi rəqiblərdən biri hesab olunur. Builki yarışlarda komandamızın gənc üzvlərindən biri olan G.Məmmədəliyeva da uğurla çıxış edib. O, 23 yaşadək gənclərin Avropa çempionatında gümüş medal qazanıb”.
Builki yarışlarda ilkin görüşlərdə qalib gələn digər idmançılarımız medal qazanmasalar da, Tokio Olimpiadasına vacib reytinq xalları əldə edə biliblər.

Ümumiyyətlə, builki Avropa çempionatı koronavirus pandemiyası səbəbindən bir neçə dəfə təxirə salınıb. Sonda təşkilatçı ölkənin hakimiyyəti və səhiyyə səlahiyyətliləri ilə birgə yarışın noyabrın 19-dan 21-dək keçirilməsi barədə qərar qəbul edilib. Təbii ki, yarışlar zamanı iştirakçılar və rəsmilərin məsafə saxlamaları və tibbi maskalar taxmalarına ciddi nəzarət ediləcək. İdmançıların hər hansı tələbləri pozmaları və ya səhiyyə məlumatlarının səhv olması aşkar olunarsa, diskvalifikasiya edilə bilərlər.

İlkin mərhələnin döyüşləri Bakı vaxtilə 1:00-da, final yarışları isə 19:00-da başlayacaq. Yarışın rəsmi açılış mərasimi noyabrın 20-də baş tutacaq. Noyabrın 21-də bağlanış mərasimində bayrağın təntənəli şəkildə gələn il Avropa çempionatına ev sahibliyi edəcək Lissabona təqdim edilməsi planlaşdırılır.

Bu gün kişilər 60 və 66 kiloqram, qadınlar 48, 52 və 57 kiloqram çəki dərəcələrində mübarizə aparacaqlar. Noyabrın 20-də 73, 81 kiloqram (kişilər) və 63, 70 kiloqram (qadınlar) çəki dərəcələri üzrə döyüşlər keçiriləcək. Yarışların son günü isə cüdoçular 90, 100 və 100 kiloqramdan yuxarı (kişilər), 78 və 78 kiloqramdan yuxarı (qadınlar) çəki dərəcələrində medallar uğrunda mübarizə aparacaqlar.