Bazar günü yenilənmiş göstəricilərə müvafiq olaraq, Amerika Birləşmiş Ştatlarında koronavirusa yoluxanların sayı 11 milyon nəfəri ötüb.

Elitinfo.az xəbər verir ki, koronavirusun növbəti dalğasının artması fonunda ABŞ-ın baş infeksionisti, doktor Entoni Fauçi səhiyyə sahəsindəki federal məmurlara və mütəxəssislərə yeni seçilən Prezident Co Baydenin keçid komandası ilə işə başlamağı tövsiyə edib.

Cons Hopkins Universitetinin koronavirus pandemiyası barədə hesabatında bildirilir ki, pandemiya başlanandan bəri ABŞ-da koronavirusa yoluxma hallarının ümumi sayı bazar günü 11.029.470-ə çatıb. Dünyada ən yüksək olan bu göstərici şənbə günü, Birləşmiş Ştatlarda gün ərzində 166.555 yeni yoluxma halının qeydə alındığı vaxt 11 milyon rəqəmini ötüb. Həmçinin xəbər verilir ki, şənbə günü ABŞ-da bu xəstəlikdən 1266 ölüm hadisəsi qeydə alınıb.

Fauçi CNN kanalına müsahibəsində bildirib ki, səhiyyə sahəsinin təmsilçiləri Baydenin komandası ilə işə başlasalar, vəziyyətin yaxşılaşması mümkündür. Hərçənd, Prezident Donald Tramp və onun administrasiyası bu əməkdaşlığa imkan vermir, çünki onlar prezident seçkilərinin bir neçə ştatda qeydə alınmış nəticələri ilə razı deyillər.

1984-cü ildən Allergiya və yoluxucu xəstəliklər milli institutunun direktoru işləyən Fauçi yeni prezidentin vəzifə səlahiyyətlərinə başlayanadək onunla işbirliyinin əhəmiyyətini vurğulayıb.

Hazırda Texas ştatı koronavirus üzrə ən yüksək göstəriciyə malik ştatların siyahısında birinci yerdədir. Bu ştatda COVID-19-a 1.014.160 yoluxma halı qeydə alınıb. Ştat, həmçinin bu virusdan ölüm sayına görə də Birləşmiş Ştatlarda ikinci yerdədir. Şənbə gününə olan vəziyyətə görə Texas ştatında koronavirusdan 19.470 ölüm halı qeydə alınıb.