Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman 2020-ci il üzrə büdcə proqnozlarında neft gəlirlərinin payının 20 faiz azaldığını açıqlayıb.

Elitinfo.az xəbər verir ki, o, keçən il proqnozlaşdırılan büdcə gəlirlərinin 833 milyard rial olduğunu, bunun da 513 milyard rialını (137 milyard dollar) neft gəlirlərinin təşkil etdiyini söyləyib.

Vəliəhd şahzadə bu il neft qiymətlərindəki azalma ilə neft gəlirlərinin 410 milyard riala (109 milyard dollar) düşdüyünü və bunun da büdcə üzrə 504 milyard riallıq əməkhaqqı ödənişlərini əhatə etmədiyini bildirib.

Məhəmməd bin Salman digər sahələrdə artım olmasa da, neft gəlirlərindəki belə bir azalmanın milyonlarla insanın işsiz qalmasına və iqtisadi tənəzzülə səbəb olduğunu qeyd edib.

O, Dövlət İnvestisiya Fondu vasitəsilə gəlir mənbələrini şaxələndirmək, turizm, idman, sənaye, kənd təsərrüfatı, nəqliyyat, kosmik sənaye, mədənçilik və digər sahələrdə yeni sektorları dəstəkləmək üçün çalışdıqlarını da bildirib.