Ermənistanın terrorçu dəstələri tərəfindən yaşayış məntəqələrimizin və dinc əhalinin atəşə tutulması nəticəsində zərərçəkmiş ailələrə qayğı göstərilməsi, yardım edilməsi Yeni Azərbaycan Partiyasının (YAP) fəaliyyətində prioritet istiqamətlərdən birini təşkil edir.
YAP-ın mətbuat xidmətindən Elitinfo.az-a bildiriblər ki, Vətən müharibəsinin davam etdiyi günlər ərzində partiyanın “Birlikdə güclüyük” kampaniyası çərçivəsində erməni faşistlərinin hədəfinə çevrilmiş Gəncədə və Azərbaycanın digər şəhər və kəndlərində həyata keçirdiyi humanitar layihə hazırda da davam etməkdədir.
YAP nümayəndələri Bərdə şəhərinə səfər ediblər. Partiyanın təmsilçiləri şəhərin raket hücumuna məruz qalması nəticəsində evləri dağılmış ailələri ziyarət edib, onların problemləri ilə maraqlanıblar.
Noyabrın 12-də isə Yeni Azərbaycan Partiyası tərəfindən Bərdəyə 500 ailə üçün nəzərdə tutulmuş humanitar yardım çatdırılıb. Partiyanın bu yardımı erməni vandalizminin qurbanına çevrilmiş, erməni təxribatı nəticəsində evləri dağılmış, eləcə də həlak olmuş vətəndaşlarımızın ailələrinə təqdim edilib.
Görüşlərdə iştirak edən Bərdə sakinləri Müzəffər Ali Baş Komandanımız, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı böyük Qələbədən qürur duyduqlarını bildiriblər.