BMT-nin insan hüquqları sahəsində bir sıra ekspertləri COVID-19 əleyhinə vaksini hazırlayan və istehsal edənlərlə eksklüziv sazişlər imzalamağa çalışan ölkələri tənqid edib. Elitinfo.az BMT-nin Xəbərlər xidmətinə istinadla xəbər verir ki, onların sözlərinə görə, pandemiya yalnız planet sakinlərinin istisnasız olaraq hamısını peyvəndlə təmin etməklə məğlub edilə bilər.

“Pandemiya ilə mübarizədə millətçiliyə yer olmamalıdır”, – deyə, ekspertlər bildiriblər və təəssüflə qeyd ediblər ki, bəzi hökumətlər, “hələ sonu görünməyən” COVID-19 pandemiyası ilə mübarizənin uğurunun yalnız kütləvi immunizasiya şərtilə mümkün olmasına baxmayaraq, yalnız öz vətəndaşlarını peyvəndlə təmin etmək niyyətindədir.

BMT-nin hüquq müdafiəçiləri bildirirlər ki, “Viruslar sərhədlər tanımır. Qarşılıqlı əlaqəli və qarşılıqlı asılı olan dünyamızda, heç olmasa bir nəfərin infeksiya riski olduğu müddətdə heç kim özünü toxunulmaz hiss edə bilməz”.

BMT-nin xüsusi məruzəçiləri və insan haqlarının müxtəlif aspektləri üzrə işçi qrupları nümayəndələrinin verdiyi bəyanatda deyilir: “Peyvəndi koordinasiya olunmuş şəkildə ölkələr arasında paylamaq əvəzinə onunla öz əhalisini təmin etmək üçün müqavilələr bağlamağa çalışan ölkələr məqsədə çatmayacaq”.

BMT-nin hüquq müdafiəçiləri xatırlatdılar ki, insan haqları sahəsində beynəlxalq hüquqa əsasən vaksin həm ayrı-ayrı ölkələr daxilində, həm də dünya səviyyəsində ilk növbədə yoxsul və xüsusilə həssas vəziyyətdə, ehtiyacı olan hər kəs üçün əlçatan olmalıdır.

Ekspertlər, əczaçılıq şirkətlərini də məsuliyyət göstərməyə və peyvənd patentlərinin qorunması üzrə tədbirlərin zəiflətməsi də daxil olmaqla, mənfəəti insanların həyat və sağlamlıq hüququndan üstün tutmamağa çağırdılar. “Pandemiya bütün dünyanı əhatə edib, – bəyanatda deyilir. – Bu gün dünya peyvəndin inhisarlaşdırılması üçün edilən çirkin cəhdlərdən əl çəkməli ….və birlikdə pandemiya ilə mübarizə aparmalıdır”.

BMT-nin hüquq müdafiəçiləri COVID-19 əleyhinə peyvəndin qlobal miqyasda ədalətli bölüşdürülməsini təmin etmək məqsədini daşıyan COVAX beynəlxalq təşəbbüsünü dəstəkləyib.

Xüsusi məruzəçilər və insan hüquqları üzrə işçi qruplarının üzvləri BMT İnsan Hüquqları Şurası tərəfindən təyin edilmiş müstəqil ekspertlərdir. Onlar BMT işçiləri deyillər və gördükləri işə görə əməkhaqqı almırlar.