Bizim hərbi itkilərimiz çox deyil. Əgər siz müharibənin miqyasına və bizim Ermənistanın 30 il ərzində tikdiyi istehkamları, bütün mövqeləri dağıtmalı olduğumuza baxsanız, bizim itkilərimiz minimaldır.

Elitinfo.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə “BBC News”a müsahibəsində Azərbaycanın hərbi itkiləri və dronların rolu ilə bağlı suala cavabında bildirib.

Azərbaycanın itkilərinin Ermənistanla müqayisədə xeyli az olduğunu bildirən dövlətimizin başçısı bunun səbəbini belə izah edib: “Çünki bizim hərbi imkanlarımız daha yaxşıdır və bizim minimum itki verməyə imkan yaradan müasir silahlarımız var, xüsusilə həmin dronlar. Çünki həmin dronlar olmasaydı, bütün o tanklar və toplar çox sayda adamı öldürərdi”.

Prezident qeyd edib ki, itkilərin açıqlanmamasının səbəbi ictimaiyyətin dəstəyi məsələsi ilə bağlı deyil. Əksinə, yaxın qohumlarını, oğullarını, qardaşlarını itirən insanlar bizdən dayanmamağı xahiş edirlər:

“Təsəvvürünüzə gətirə bilərsiniz? Hər gün mən minlərlə məktub alıram, minlərlə məktub. O məktubların heç birində mən “Dayanın” sözünü görməmişəm. Onlar deyirlər, mən oğlumu itirmişəm, qardaşımı itirmişəm, həyat yoldaşımı itirmişəm, xahiş edirik, sona kimi gedin. Xahiş edirik, sona kimi gedin. Çünki bizim xalqımız bu vəziyyətdə, demək olar ki, 30 il yaşayıb”, – deyə dövlətimizin başçısı əlavə edib.