Noyabrın 8-də Avstriyada yaşayan Azərbaycan və türk icmasının fəalları Vyana terrorunun qurbanlarının xatirəsini anıblar.

Elitinfo.az xəbər verir ki, icma üzvləri Vyana şəhərinin mərkəzində terror aktının baş verdiyi ərazidə terror aktının qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Sonra Avstriya-Türkiyə Ticarət Birliyi və Avstriya Türk Dərnəkləri Birliyinin sədri Yavuz Kuşçu və Avstriya-Azərbaycan Mədəniyyət və İş Adamları Dərnəyinin sədri Yardım Günəş çıxış ediblər. Çıxışlarda Avstriyada yaşayan Azərbaycan və türk icmalarının noyabrın 2-də Vyanada baş verən terror aktını qətiyyətlə pislədiyi vurğulanıb. Qeyd edilib ki, dünyanın hansı nöqtəsində baş verməsindən asılı olmayaraq terrorun dini, dili və irqi yoxdur və insanlığa qarşı yönəlmiş bu kimi cinayətləri cəmiyyətin bütün təbəqələri rədd etməlidir.

Çıxışlarda bir çoxları üçün artıq ikinci vətənə çevrilən Avstriyada yaşanan bu amansız terror aktının insanlar arasında qəzəb doğurduğunu, cəmiyyət daxilində parçalanma və nifaqa hədəflənən bu çirkin əməlin öz niyyətinə çatmadığı, insanları daha da sıx şəkildə birləşdirdiyini ifadə ediblər. Natiqlər Avstriya hökumətinə və xalqına baş verən terror aktına görə başsağlığı verib, daim Avstriya dövlətinin yanında olduqlarını bildiriblər.
Sonda terror aktının qurbanlarının xatirəsinə anım məkanına əklillər qoyulub.