Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında IX tura start verilib.

Elitinfo.az xəbər verir ki, günün ilk matçında “Keşlə” öz meydanında “Qəbələ”ni qəbul edib. “ASK Arena” stadionunda keçirilən görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Oyunda hesab 13-cü dəqiqədə açılıb. “Qəbələ”nin oyunçusu Nikolas Rajsel fərqlənib. Görüşün 41-ci dəqiqəsində “Keşlə” hesaba tarazlıq gətirib. Sezar Meza Koli adını tabloya yazdırıb.

Oyunun 74-cü dəqiqəsində “Keşlə” hesabda önə keçib. Asif Məmmədov avtoqola imza atıb.

Qarşılaşmada son nöqtəni 90-cı dəqiqədə “Keşlə”nin oyunçusu Silvio qoyub.

Beləliklə, “Keşlə” qələbə qazanaraq turnir cədvəlində 5-ci yerini qoruyub saxlayıb. “Qəbələ” isə 8 xalla 6-cı yerdə qərarlaşıb.

Komandalar indiyədək çempionatda 48 dəfə üz-üzə gəliblər. Bunların 13-də “qırmızı-qaralar”, 17-də isə meydan sahibləri qələbə qazanıb. 18 görüş heç-heçə bitib. Topların fərqində də paytaxt təmsilçisinin üstünlüyü var – 62:47.

Günün digər matçında “Sumqayıt” klubu “Səbail” komandasının qonağı olacaq. Hazırda “Gənclik şəhəri”nin təmsilçisi 15 xalla liderdir. Bir oyun az keçirən “Səbail” isə 6 xalla 7-cidir. Komandalar bundan əvvəl Premyer Liqada 10 dəfə qarşılaşıblar. 4 oyunda paytaxt klubu, 5-də isə Sumqayıt təmsilçisi 3 xal qazanıb, 2 qarşılaşmada qalib müəyyənləşməyib.