İspaniya hökuməti Ümumi Dövlət Büdcəsi layihəsi çərçivəsində Demokratik Yaddaşın Dövlət Katibliyi üçün 11,3 milyon avro ayırıb.
Elitinfo.az xəbər verir ki, demokratik yaddaş məsələləri üzrə dövlət katibi Fernando Martinesin sözlərinə görə, bu vəsaitdən 6,8 milyon avro Vətəndaş müharibəsi (1936-1939-cu illər) və sonrakı repressiyalar dövründə Madrid yaxınlığındakı Şəhidlər Vadisində dünyasını dəyişənlərin ekshumasiyasına sərf olunacaq.
BMT-nin məlumatına görə, həmin dövrdə İspaniyada itkin düşənlərin sayı 114 min nəfər təşkil edib. Lakin yerli hakimiyyət orqanlarının məlumatında bildirilir ki, itkin düşənlərdən yalnız 20-25 mininin cəsədi tapılıb, hazırda bu cəsədlər qardaşlıq qəbiristanlıqlarında və ya su xəndəklərindədir.
Hökumət ilk növbədə, diqqəti yox olma təhlükəsi ilə üzləşən və ən iri qardaşlıq qəbiristanlıqlarına yönəltməyi planlaşdırır. Məsələn, Kordova qəbiristanlığında basdırıldığı ehtimal edilən 4-5 min nəfərin əksəriyyəti o vaxt güllələnənlərdir.
Qeyd edək ki, bu ilin sentyabrında İspaniya hökuməti Demokratik Yaddaş haqqında Qanun qəbul edib. Qanun 1936-1975-ci illərdə hakimiyyətdə olmuş frankist diktaturasına və onun xadimlərinə bəraət qazandırmaq yaxud onları tərifləmək kimi hər hansı cəhdlərə qadağa qoyur, həmçinin Franko rejiminin tarixin çətin anlarında faşizmlə mübarizə aparan və həbsxanalarda, sürgünlərdə həlak olan qurbanlarına münasibətdə ədaləti bərqərar etmək məqsədi daşıyır. Bu qanun çərçivəsində hökumət diktatura rejiminin bütün qurbanlarının siyahısını tərtib etməyi və onların qardaşlıq qəbiristanlıqlarında olan cəsədlərinin qalıqlarını identifikasiya etməyi planlaşdırır. Həmçinin Franko dövrünün məhkəmə hökmlərinin də ləğv ediləcəyi gözlənilir.