Noyabrın 2-də Vyanada baş verən terror aktından sonra cinayət işi ilə bağlı bir çox suallar hələ də cavabsız qalır. Hadisədən sonra İŞİD terror təşkilatı məsuliyyəti öz üzərinə götürsə də, mediada və ekspert açıqlamalarında terrorçunun təkbaşına hərəkət etməməsi fikri üstünlük təşkil edir.
Elitinfo.az xəbər verir ki, İsveçrə hüquq-mühafizə orqanları Vintertur şəhərində Vyanadakı terror aktını törədən şəxslə əlaqəli iki nəfəri həbs ediblər. İsveçrənin ədliyyə naziri Karin Keller-Sutter bildirib ki, 18 və 24 yaşlı gənclər vyanalı terrorçu ilə ünsiyyətdə olublar və hətta onunla şəxsən görüşüblər. Federal Prokurorluğun terrorizmlə mübarizə maddəsi ilə açdığı cinayət işindən adları hüquq-mühafizə orqanlarına məlum olan hər iki şəxslə əlaqədar Avstriya qurumları ilə təmaslar davam etdirilir.
Noyabrın 2-də terror aktının baş verdiyi meydan və küçələrdə mobil telefonla çəkilən görüntüləri yoxlayan kriminalistlər digər mümkün terrorçuların cinayət hadisəsində iştirakını təsdiqləyəcək faktlar aşkarlamayıblar.