Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasəti ilə yanaşı, ekoloji terror siyasəti də aparır. İşğalçı ölkə 30 ildir zəbt etdiyi Azərbaycan ərazilərində ətraf mühitə ciddi ziyan vurub və təbii sərvətlərimizi qanunsuz istismar edib. Ermənistanın bu siyasəti bölgənin dayanıqlı inkişafına münasibətdə tutduğu laqeyd və qeyri-konstruktiv mövqeyini bir daha bariz şəkildə nümayiş etdirir.

Azərbaycanın uzun müddət işğal altında olan ərazilərindəki meşələrdə və quru otlaq sahələrində yanğınların baş verməsi də adi hala çevrilib. Yanğınlar adətən odlu silahlardan açılan atəş və minaların partlayışı nəticəsində baş verir. Yanğınlara nəzarət edilmədiyindən nəinki Azərbaycanın, hətta bütün Qafqazın təbii mühitinə, meşə təsərrüfatına, bitki və heyvanlar aləminə böyük ziyan dəyib.

Bunu Elitinfo.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

Deputat bildirib ki, oktyabrın 29-da döyüş zonasından kənarda yerləşən Göygöl rayonunun ərazisi Ermənistan silahlı qüvvələrinin ağır artilleriya qurğularından atəşə məruz qaldığından meşəlik ərazidə yanğın baş verib. Yanğın nəticəsində 20 hektara yaxın ərazi yanaraq məhv olub. Ermənistanın bu əməlinə heç bir qanunla heç bir beynəlxalq hüquqla haqq qazandırıla bilməz.

M.Cəfərov vurğulayıb ki, ermənilər işğal etdikləri Azərbaycan torpaqlarından gec-tez çıxarılacaqlarını yaxşı bildiklərindən ətraf mühitə, infrastruktura və dinc insanlara bacardıqca daha çox ziyan vurmağa çalışırlar. Oktyabrın 31-də Şuşa meşələrində başlayan yanğınlar da bu niyyətin bariz nümunəsidir. Faktiki olaraq, Ermənistan silahlı münaqişələr zamanı ətraf mühitin mühafizəsinə dair beynəlxalq qaydalara hörmət etməlidir. Müharibə və silahlı münaqişələr zamanı ətraf mühitin istismarının qarşısının alınması üçün xüsusi beynəlxalq konvensiyalar qəbul olunub. Lakin Ermənistan beynəlxalq səviyyədə qəbul olunmuş digər öhdəliklərinə əməl etmədiyi kimi, bu sənədləri də yerinə yetirmir.

Müşfiq Cəfərov vurğulayıb ki, BMT, Avropa Şurası, ATƏT və digər beynəlxalq təşkilatlar Ermənistanın ekoloji terroruna qarşı qəti mövqe nümayiş etdirməlidir. Ermənistan ölkəmizə qarşı törətdiyi cinayətlərə görə beynəlxalq səviyyədə məsuliyyətə cəlb olunmalıdır.