YAP Səbail rayon təşkilatının gəncləri “ASAN Könüllüləri” Təşkilatının “Əsgərə məktub!” layihəsinə qoşularaq bu günlərdə hərb tariximizin ən şərəfli səhifələrini yazan Azərbaycan Silahlı Qüvvələrinin qəhrəman əsgər və zabitlərinə məktublar ünvanlayıblar.

YAP Səbail rayon təşkilatından Elitinfo.az-a bildiriblər ki, gənclər məktublarında qanları və canları ilə müqəddəs Vətən torpağını mənfur düşmən tapdağından azad edən, Azərbaycan xalqına şanlı qələbələr bəxş edən rəşadətli əsgərlərimizə dualarını, səmimi ürək sözlərini, dəstək mesajlarını yazıblar. Azərbaycan Silahlı Qüvvələrinin Qarabağın azadlığı uğrunda apardığı mübarizədə mənəvi dəstək önəmlidir. Bu günlərdə Azərbaycan xalqı bir yumruq kimi Müzəffər Ali Baş Komandanımız, Ordumuz ilə milli birlik və həmrəylik nümayiş etdirir.

YAP Səbail rayon təşkilatının bütün üzvləri bu milli həmrəylik hərəkatında yaxından iştirak edir. YAP gəncləri dəfələrlə cəbhə bölgəsində olub və qəhrəman əsgərlərimizlə görüşüblər.

Allah Azərbaycan Ordusunu qorusun. Qələbə bizimdir və Qarabağ Azərbaycandır!