Oktyabrın 31-də futbol üzrə Azərbaycan Premyer Liqasının səkkizinci turuna start verilib.

Elitinfo.az xəbər verir ki, turun birinci oyunu Qəbələ şəhər stadionunda keçirilib. “Sabah” klubunu qəbul edən “Qəbələ” 2:1 hesabı ilə qalib gəlib. Meydan sahiblərinin heyətində Yusif Nəbiyev və Nikolas Raysel fərqləniblər. “Sabah”ın qolunu Ramil Şeydayev vurub.

Günün ikinci oyunu Zirə Olimpiya İdman Kompleksində təşkil olunub. “Zirə” və “Səbail” komandaları arasında keçirilən görüşdə hesab açılmayıb.

Tura noyabrın 1-də keçiriləcək “Qarabağ”-“Keşlə” və “Sumqayıt”-“Neftçi” oyunu ilə yekun vurulacaq.

Qeyd edək ki, turnir cədvəlinə 14 xalla “Sumqayıt” klubu başçılıq edir. Aktivində 13 xal olan “Neftçi” ikinci, 12 xalı olan “Zirə” isə üçüncü yerdə qərarlaşıblar. Digər pillələrdə müvafiq olaraq “Qarabağ” (9), “Keşlə” (9), “Qəbələ” (8), “Səbail” (6) və “Sabah” (6) yer alıblar.