Sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin hərbi təxribatından sonra Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi əks-hücum əməliyyatı artıq bir aydan çoxdur ki, davam edir.
Döyüş meydanında darmadağın olan düşmən ordusu əməliyyatların gedişində mütəmadi olaraq cəbhə bölgəsindən uzaqda yerləşən dinc şəhərləri hədəfə alır. Düşmən sanki döyüş meydanındakı uğursuzluqları bu cür müharibə cinayətləri ilə ört-basdır etməyə cəhd göstərir, xalqımızın qələbə əzmini sarsıtmaq istəyir. Ermənistan ordusunun qadağan olunmuş kasetli raketlərdən istifadə etməsi artıq beynəlxalq təşkilatlar tərəfindən də təsdiqlənib. Ermənipərəst siyasət yürüdən “Amnesty International”, “Human Rights Watch” təşkilatları da Ermənistanın Azərbaycanın Bərdə şəhərinə istifadəsi qadağan olunmuş kasetli raketlərlə zərbələr endirdiyini təsdiqləyib. Təşkilatlar açıqlamalarında klaster silahlardan istifadəni qadağan edən konvensiyaya istinad edərək bildirirlər ki, Ermənistan silahlı qüvvələrinin bu qadağanı pozması beynəlxalq cinayətdir.
Məhz bu cür cinayətlər zamanı Ermənistan ordusunun Gəncə, Bərdə, Tərtər, Naftalan, Ağcabədi, Mingəçevir, Goranboya atdığı raketlər nəticəsində 91 mülki şəxs həlak olub, 400-dən çox mülki şəxs yaralanıb. O da qeyd olunmalıdır ki, həlak olanlardan 11-i azyaşlı uşaq, 27-si qadınlardır. Bundan əlavə, raket zərbələri nəticəsində müxtəlif infrastruktur obyektlərinə, yaşayış məntəqələrinə ciddi ziyan dəyib. Xeyli sayda ev yararsız hala düşüb.
Ermənistanın müharibə cinayətləri: yaxın tarixə söykənən reallıqlar
Tarix boyu ermənilərin azərbaycanlılara qarşı qanlı cinayət aktları törədiblər. Belə qanlı cinayətlər sırasında 1918-ci il 31 Mart soyqırımını, Xocalı faciəsini və digər terror aktlarını xatırlatmaq kifayətdir ki, düşmənin əsl xislətini açıq-aşkar şəkildə nümayiş etdirək.
Zaman-zaman Ermənistanın rəsmi şəxsləri də bu cür cinayət əməllərini etiraf edib, hətta bunu qürurla dilə gətiriblər. Bu məqamda keçmiş prezident Sarkisyanın 2003-cü ildə Böyük Britaniyadan olan jurnalist Tomas de Vaala müsahibəsini xatırlatmaq istərdim. Müsahibədə
Sarkisyan Xocalı soyqırımını belə xatırlayıb:
“Xocalıdan əvvəl azərbaycanlılar düşünürdülər ki, ermənilər mülki insanlara əl qaldıra bilməzlər. Amma biz bu stereotipi sındıra bildik”. Bu açıqlaması ilə Sarkisyan, əslində, Azərbaycan xalqının beynəlxalq hüquqa istinadən qarşı tərəfdən gözləntilərini öz alçaq əməlləri ilə necə puç etdiklərini etiraf edir.
Hazırkı hərbi əməliyyatlar dövründə də Ermənistan müharibənin ilk günlərində törətdiyi cinayətləri etiraf etməsə də, Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Arsrun Ovannisyanın “Qarabağ ordusunun Azərbaycan şəhərlərinə zərbələr endirməyə tam hüququ var” bəyanatı ilə bu cinayətləri törətdiklərini etiraf edib və faktiki olaraq erməni tərəfi indiyədək törədilən və 100-dək dinc sakinin ölümünə səbəb olan vəhşiliklərə görə məsuliyyəti öz üzərinə götürüb.
Bu iki bəyanat arasındakı oxşarlıqlar düşmənin mahiyyətini çılpaqlığı ilə ortaya qoyur. Hər iki halda, erməni tərəfi “biz dinc əhaliyə əl qaldıra bilərik” mesajını verir və heç bir beynəlxalq hüququn, sənədin onlar üçün əhəmiyyət daşımadığını faktiki etiraf edir.
Məğlubiyyət astanasında olan Ermənistan Azərbaycanı mülki obyektləri vurmaqla şantaj edir
Bir aydan çoxdur ki, davam edən hərbi əməliyyat dövründə Ermənistan dəfələrlə Azərbaycanın şəhərlərini, dinc sakinlərini atəşə tutsa da, bu faktları inkar edir, hətta müxtəlif feyk xəbərlər yaymaqla məşğul idi. Guya həmin cinayətləri Suriyadan olan hansısa terrorçuların törətməsi və yaxud Azərbaycanın özünün bunu bilərəkdən həyata keçirməsi kimi gülünc və sərsəm bəyanatlar düşmənin cılız düşüncəsindən xəbər verir.
Cəbhədə məğlubiyyətlər artdıqca erməni tərəfinin mülki hədəflərinin sayı artır və onlar artıq bunu açıq-aşkar söyləməkdən çəkinmirlər. Ovanisyanın son bəyanatı isə açıq şəkildə Azərbaycan tərəfini dinc əhali və mülki obyektlərlə şantaj etmək cəhdidir.
Ermənistan tərəfinin bu hərbi cinayətlər törətmək barədə bəyanatı düşmən tərəfinin məğlubiyyət astanasında olduğundan xəbər verir. Bir daha xatırladaq ki, Ermənistan ordusunun rəsmisinin bəyanatı beynəlxalq qanunvericiliyin və Cenevrə Konvensiyalarının kobudcasına pozulmasıdır.
Görünən odur ki, ikinci Qarabağ müharibəsinin ilk günündən müxtəlif dövlət və hökumət başçılarından yardım üçün imdad diləyən Paşinyan artıq tam çarəsiz vəziyyətdədir. Belə olan halda, Azərbaycanı dinc sakinləri vurmaqla şantaj edir. Azərbaycan Prezidenti isə dəfələrlə bəyan edib ki, biz qisasımızı döyüş meydanında alırıq və düşmənin bu xain hücumları Azərbaycan xalqının iradəsini sarsıda bilməz. Qələbə bizimlədir.