Vyetnamda oktyabrın əvvəlindən başlayan şiddətli yağışların səbəb olduğu iki torpaq sürüşməsi nəticəsində 16 nəfər ölüb, 37 nəfər dağıntı altında qalıb.

Elitinfo.az yerli KİV-lərə istinadla xəbər verir ki, hər iki sürüşmə oktyabrın 28-də axşam saatlarında Quanqnam vilayətinin Namtramay rayonunda dağlıq ərazidəki yaşayış məntəqələrində baş verib. Axtarış işlərinə mülki müdafiə qüvvələri ilə yanaşı, hərbçilər, yerli səlahiyyətli qurumların əməkdaşları da qoşulublar.

Baş Nazirin müavini Trinh Dinh Dunq hadisə yerinə gələrək, axtarış işlərinin sürətlə aparılması barədə təlimat verib.

Qeyd edək ki, oktyabrın əvvəlindən Vyetnamda müşahidə olunan şiddətli yağışların törətdiyi fəsadlar nəticəsində ölənlərin sayı 150-ə çatıb. Daşqın, torpaq sürüşməsi, palçıq axını nəticəsində onlarla sakin isə itkin düşüb. BMT Baş katibi Antonio Quterreş daşqın və torpaq sürüşmələri nəticəsində yaşanan faciələrlə əlaqədar Vyetnam xalqına dəstək mesajı göndərib.