Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində işğal edilmiş ərazilərdə dağıdılan, talan edilən mədəniyyət ocaqları, abidələr, tarixi-memarlıq nümunəsi olan tikililər, Azərbaycan xalqının Qarabağda saxtalaşdırmaya və mənimsənilməyə məruz qalan zəngin mədəni irsi ilə bağlı həqiqətlərin beynəlxalq səviyyədə ictimailəşdirilməsi məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən “Qarabağ – mədəniyyətimizin beşiyi” adlı layihə davam edir.

Mədəniyyət Nazirliyindən Elitinfo.az-a bildirilib ki, layihə çərçivəsində növbəti material Şəlvə sövməəsi abidəsinə həsr edilib.

Şəlvə sövməəsi Laçın rayonunun Şəlvə kəndində XV əsrə aid edilən sövməə tipli alban məbədləri sırasına daxildir.

Laçın rayonu 18 may 1992-ci ildə Ermənistan Respublikası silahlı qüvvələri tərəfindən işğal olunub. Rayon Ermənistanın işğalı altında olduğundan sözügedən tarixi abidənin taleyi haqqında hazırda dəqiq məlumat yoxdur.

Qeyd edək ki, layihə çərçivəsində mədəni irsimizə qarşı vandalizm aktları, əzəli yurd yerlərimizdəki abidələr, tarixi həqiqətlərin yerli və dünya ictimaiyyətinin diqqətinə çatdırılması üçün hazırlanan məlumatların müxtəlif dillərdə qlobal internet məkanında, o cümlədən sosial şəbəkələrdə yayılması nəzərdə tutulur.