Bu gün Ağdamın “Qarabağ” futbol klubu UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirəcək.

Elitinfo.az xəbər verir ki, I qrupunda yer alan Ağdam təmsilçisi ikinci sınağında İspaniyanın “Vilyarreal” komandası ilə üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 21:55-də start götürəcək.

Matç Çexiyadan olan hakimlər briqadasına həvalə edilib. Görüşün əsas hakimi Referi Pavel Orelə olacaq. Ona həmyerliləri Petr Blajey və İrji Krjij kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Andrey Peçanets yerinə yetirəcək.

Qarşılaşmanın hakim-inspektor gürcüstanlı Levan Paniaşvili, UEFA nümayəndəsi isə Ukraynadan Anna Bordiuqova olacaq.

“Köhlən atlar” Ermənistan ordusunun Azərbaycana qarşı genişmiqyaslı hərbi təxribatları ilə əlaqədar oyunu İstanbuldakı “Başakşehir Fatih Terim” stadionunda keçirəcək.

Hər iki komandanın heyətində oyun öncəsi itkilər var. “Qarabağ”da Bədavi Hüseynov matçı buraxa bilər. Mahir Emreli və Maksim Medvedevin meydana çıxması da sual altındadır. “Vilyarreal”da isə Dani Parexo, Pervis Estupinyan və Jerar Moreno Azərbaycan çempionuna qarşı oynamayacaqlar.

Qurban Qurbanovun başçılıq etdiyi komanda qrupun ik oyununda İsrailin “Makkabi Təl-Əviv” komandasına uduzub – 0:1. “Vilyarreal” isə öz meydanında keçirdiyi görüşdə “Sivasspor”a qalib gəlib – 5:3.