ABŞ Prezidenti Donald Tramp 2021-ci maliyyə ilində (oktyabrın 1-də başlayıb) qaçqınların qəbul limitini 1980-ci ildən bəri ən aşağı səviyyəyə – 15 min nəfərə endirib.

Elitinfo.az “The Washington Post” qəzetinə istinadla xəbər verir ki, müvafiq memorandum Ağ ev tərəfindən dərc olunub.

“2021-ci maliyyə ili ərzində 15 minə qədər qaçqının qəbulu humanitar vəziyyətə əsaslanır və ya milli maraqlara cavab verir”, – sənəddə belə deyilir. Donald Tramp, həmçinin “humanitar vəziyyəti daha çox narahatlıq doğuran insanlar istisna olmaqla” Yəmən, Suriya və Somali vətəndaşlarının ölkəyə qaçqın kimi qəbul olunmayacağını vurğulayıb.

Qeyd edək ki, 2020-ci maliyyə ilində ABŞ tərəfindən qaçqınların qəbulu limiti 18 min nəfər, 2019-cu ildə isə 30 min nəfər idi. Sonuncu dəfə 15 minlik limit 1980-ci ildə qeydə alınmışdı. Lakin sonradan qaçqınların qəbulu barədə xüsusi qanun qəbul edilmiş və limit 50 min nəfərədək artırılmışdı.