Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində işğal edilmiş ərazilərdə dağıdılan, talan edilən mədəniyyət ocaqları, abidələr, tarixi-memarlıq nümunəsi olan tikililər, Azərbaycan xalqının Qarabağda saxtalaşdırmaya və mənimsənilməyə məruz qalan zəngin mədəni irsi ilə bağlı həqiqətlərin beynəlxalq səviyyədə ictimailəşdirilməsi məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən “Qarabağ – mədəniyyətimizin beşiyi” adlı layihə davam edir.

Mədəniyyət Nazirliyindən Elitinfo.az-a bildirilib ki, layihə çərçivəsində növbəti material Qutlu Musa türbəsinə həsr edilib.

Qutlu Musa türbəsi Ağdam rayonunun Xaçındərbətli kəndində yerləşir. Xaçındərbətli abidəsinin giriş qapısı üzərindəki kitabə, onun 1314-cü ildə ustad Şahbənzər tərəfindən Musa oğlu Kutlunun məzarı üzərində tikildiyini göstərir.

Ağdam rayonu 1993-cü ildən Ermənistan tərəfindən işğal edildikdən sonra abidənin hazırkı vəziyyəti məlum deyil.

Qeyd edək ki, layihə çərçivəsində mədəni irsimizə qarşı vandalizm aktları, əzəli yurd yerlərimizdəki abidələr, tarixi həqiqətlərin yerli və dünya ictimaiyyətinin diqqətinə çatdırılması üçün hazırlanan məlumatların müxtəlif dillərdə qlobal internet məkanında, o cümlədən sosial şəbəkələrdə yayılması nəzərdə tutulur.