Ölkəmizin tarixində yeni mühüm səhifə yazılır:

Qarabağ uğrunda xalqımızın mübarizə və həmrəylik tarixi! Bu tarixi yazanlar haqqında hekayələrin sənədləşdirilməsi, xüsusilə də bu hekayələrin insanların öz şəxsi təcrübə və təəssüratları ilə çatdırılması vacibdir. Belə ki, ADA Universiteti “ADA Tarix Yazır” təşəbbüsünü irəli sürərək, tələbə, müəllim və bütün işçi heyətini hekayələri ilə bu tarixə töhfə verməyə çağırır.

Bu barədə Elitinfo.az-a ADA Universitetindən məlumat verilib. ADA Universitetinin Akademik işlər üzrə prorektoru Vəfa Kazdal bildirib: “Bugünkü tariximizi gələcək nəsillərə və dünyaya yaddaşlarda qalan hekayələrimizlə çatdıraq!”

Layihənin praktiki əhəmiyyətindən biri də odur ki, bu təşəbbüs tədris prosesini daha maraqlı etməklə gənclərimizdə vətənpərvərlik ruhunu gücləndirməyə imkan yaradır. Layihədə iştirak edənlərə ideyalarını formalaşdırmaq və yazı bacarıqlarını təkmilləşdirmək üçün yerli və xarici mütəxəssislər tərəfindən onlayn seminarlar təşkil olunur.

Seminarlardan ilki ABŞ-da nəşr edilən “Azerbaijan International” jurnalının redaktoru Betti Bleyr tərəfindən keçirilib.

Layihəyə öz hekayələrini paylaşmaq istəyən bütün həmvətənlərimiz qoşula bilər.

Bunun üçün yazılarınızı ingilis və ya Azərbaycan dilində, ad və soyadınızı qeyd etməklə noyabr ayının 17-dək adawriteshistory@ada.edu.azünvanına göndərə bilərsiniz. Layihə barədə ətraflı məlumatı https://bit.ly/37ognAK linkindən öyrənmək olar.