Yeni Azərbaycan Partiyası Vətən müharibəsinin davam etdiyi bu günlər ərzində döyüş bölgəsindən uzaqlarda yerləşən, lakin xain erməni hərbçilərinin bombardmanlarından zərər çəkmiş yaşayış məntəqələrimizdə evləri bu və ya digər dərəcədə dağılmış sakinlərə yardım məqsədilə geniş layihələr həyata keçirməkdədir.

Elitinfo.az xəbər verir ki, barədə YAP-ın mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev ötən gün partiyanın nümayəndə heyətinin Gəncə şəhərinə səfəri zamanı səsləndirilmiş qərarı şərh edərkən bildirib.

H.Paşayev qeyd edib ki, Milli Ordumuzun torpaqlarımızın işğaldan azad edilməsi uğrunda həyata keçirdiyi əməliyyatlar Azərbaycanın haqq işidir. Azərbaycan əsgərinin bu müharibədə hədəfi nə yaşayış məskənləri, nə mülki obyektlər, nə də dinc sakinlərdir. Lakin vəhşi xislətli ermənilərin və onların işğalçı ordusunun yaşayış məntəqələrimizi hədəfə çevirməsi nəticəsində yüzlərlə dinc sakinimiz yaralanıb, onlarla uşaq, qadın və qoca həyatını itirib. Təəssüf ki, döyüş bölgəsindən çox-çox uzaqlarda yerləşən Gəncə şəhərində də daha irimiqyaslı dağıntıların şahidi olduq. Onlarla dinc sakin həyatını itirdi, yüzlərlə yaralımız var. Yeni Azərbaycan Partiyası erməni vəhşiliyinin qurbanı olmuş 8 ailədə valideynlərini itirmiş 10 azyaşlı uşağın himayəyə götürülməsi barədə qərar qəbul edib. Qəbul edilmiş qərara əsasən, 6 ailəni təmsil edən 6 azyaşlının hər birinə ayda 300 manat, hər ailədən 2 azyaşlı olmaqla daha 4 azyaşlıya isə yetkinlik yaşına çatana qədər ayda 500 manat təqaüd ödəniləcək. Partiya tərəfindən bank vasitəsilə ödəniləcək bu vəsaitlər uşaqların dövlət tərəfindən rəsmi surətdə tanınmış himayədarlarına çatdırılacaq.

Hüseyn Paşayevin sözlərinə görə, Yeni Azərbaycan Partiyası tərəfindən Gəncə şəhərində raket zərbələri nəticəsində evləri dağılmış daha 5 ailənin himayəyə götürülməsi ilə bağlı da müvafiq addımlar atılıb. Belə ki, qəbul edilmiş qərara əsasən, həmin 5 ailəyə onlar üçün yeni yaşayış evlərinin tikilib istifadəyə verilməsinə qədər yaşayacaqları mənzillərin kirayə haqqı, ayda 300 manat olmaqla, YAP tərəfindən ödəniləcək.