Kommunal Xidmətlər üzrə Vahid İnformasiya Sistemi və Vahid Çağrı Mərkəzinin yaradılması nəzərdə tutulur.

Elitinfo.az xəbər verir ki, bu sözləri Energetika naziri Pərviz Şahbazov deyib.

O qeyd edib ki, islahatlar prosesinin strateji məqsədləri sırasında enerji sektorunda tənzimləmədə dayanıqlılığı və effektivliyi təmin edən tənzimləyicinin yaradılması da mühüm yer tutur. Bu aspektdə Energetika Nazirliyinin tabeliyində publik hüquqi şəxs statuslu Enerji Məsələlərini Tənzimləmə Agentliyi 3 il ərzində elektrik və istilik enerjisi, həmçinin qaz təchizatı sahələrində dövlət, istehlakçılar və tənzimlənən subyektlər arasında maraqlar balansının, hər bir istehlakçıya münasibətdə müasir yanaşmanın təmin edilməsinə, obyektivlik, şəffaflıq və hesabatlılıq kimi prinsiplərə əsaslanan fəaliyyətə nail olub. Enerji təchizatında bir sıra proseslər sadələşdirilib, çeviklik təmin edilib, xidmətləri sahibkarlar üçün əlçatan edən addımlar atılıb. Müvafiq sahənin tənzimlənməsinə və istehlakçıların mənafeyinin qorunmasına yönəlik “Elektrik qurğularının quraşdırılması”, “Elektrik və istilik qurğularının texniki istismarı”, “Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası”, “Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində payız-qış mövsümünə hazırlıq işlərinin aparılması”, “Yanacaq ehtiyatının maliyyələşdirilməsi, yaradılması, qorunması, istifadəsi, həcmi və uçotunun həyata keçirilməsi” qaydaları hazırlanaraq Nazirlər Kabineti tərəfindən təsdiq edilib. Bu ilin avqust ayından etibarən agentlik istehlakçı hüquqlarının qorunması baxımından əhəmiyyətli sayılan “Azəriqaz” İB-nin Metrologiya Departamentində qaz sayğaclarının dövlət yoxlanılması prosesinin monitorinqinə də başlayıb.
“Energetikada tənzimlənmənin perspektivdə liberal bazar münasibətlərinə uyğunlaşdırılması prosesi kontekstində isə istehlakda səmərəliliyin artırılması mexanizmləri, “Tarif Metodologiyası” hazırlanıb.

Xərcləri əks etdirən (elektrik enerjisinin qiymətlərini subsidiyalaşdırmadan) tariflərin tətbiqi, bəzi sənaye sahələri üçün güzəştlərin optimallaşdırılması, qiymətlərin günün vaxtına görə differensiasiyası, aztəminatlı istehlakçı kateqoriyaları üzrə son istehlakçı qiymətlərinin müəyyənləşdirilməsi, reaktiv enerjidən istifadənin səmərəliliyinin artırılması, elektrik enerjisinin topdansatış bazarının yaradılması, özəlləşdirmə, elektrik enerjisi istehsalı sahəsinə dövlət-özəl tərəfdaşlığı razılaşmaları əsasında yeni investisiyaların təşviqi üçün araşdırmalar aparılıb və təkliflər verilib. Agentlik tərəfindən, həmçinin tənzimlənən sahədə investisiya layihələri və elektrik enerjisi bazarının fəaliyyətinin monitorinqi qaydalarının layihələri kimi normativ sənədlər hazırlanır. Bu sırada digər vacib bir sənəd “Müstəqil enerji istehsalçılarının ötürücü və paylayıcı elektrik şəbəkələrinə çıxışının monitorinqi Qaydaları”nın layihəsidir”, – deyə P.Şahbazov əlavə edib.

Nazir bildirib ki, hazırda baxılmaqda olan “Energetika və kommunal xidmətlər sahələrində tənzimləyici haqqında” Qanunun qəbulu isə imkan verəcək ki, elektrik enerjisi bazarının mühüm iştirakçısı kimi Enerji Məsələlərini Tənzimləmə Agentliyi tənzimləyici funksiyalarını daha effektiv şəkildə yerinə yetirərək elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahələrində münasibətlərin müasir dövrün mütərəqqi tələblərinə uyğun inkişafını təmin etsin: “Əlbəttə, görülən bütün işlər nəticədə vətəndaş məmnunluğunda ifadə olunur. “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”na əsasən, Kommunal Xidmətlər üzrə Vahid İnformasiya Sistemi və Vahid Çağrı Mərkəzinin yaradılması nəzərdə tutulur.
“Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Kommunal Xidmətlər Vahid İnformasiya Sisteminin operatoru funksiyaları Energetika Nazirliyinə həvalə edilib. Cari ilin sonuna kimi “ASAN xidmət” tərəfindən sistemin test fazasına başlanması planlaşdırılır. Bu, istehlakçıların bütün kommunal xidmətlər üzrə onlara aid məlumatları vahid şəxsi kabinet üzərindən idarə etmələrinə imkan yaradır. Kommunal xidmətlər üzrə vahid informasiya bazasının yaradılması bu sahədə həyata keçirilən siyasətin mərkəzləşdirilməsi və sistemləşdirilməsi, müvafiq xidmətlər üzrə müraciətlərin vahid platformadan ünvanlanması, bu xidmətlərin hər kəs üçün daha əlçatanlığı və fasiləsizliyi, yaranan çətinliklərin operativ həlli baxımından faydalıdır. Vətəndaş müraciətlərinin obyektiv araşdırılaraq cavablandırılması, xidmətlərin icrası zamanı sui-istifadə hallarının qarşısının alınması, xidmətlərin icra vəziyyətinə dair mərkəzləşdirilmiş təhlil və hesabatların aparılması, istifadəçilər tərəfindən xidmətin keyfiyyətinə dair təklif və iradların toplanması, həmçinin vətəndaş məmnunluğunun artırılması məqsədilə yaradılacaq Vahid Çağrı Mərkəzinin formalaşdırılması ilə bağlı Konsepsiya layihəsi də Nazirlər Kabinetinə təqdim edilib. Bütün bu tədbirlər açıqlıq, şəffaflıq və hesabatlılıq prinsiplərini əsas tutaraq dövlət xidmətlərinin təkmilləşdirilməsinə, ictimai nəzarətin gücləndirilməsinə xidmət edəcək.