Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
vətənpərvərlik istiqamətində maarifləndirmə işlərinin daha da genişləndirilməsi üçün “Tariximizin şanlı səhifələri” layihəsinin icrasına başlayır.

Respublika Veteranlar Təşkilatından Elitinfo.az-a bildiriblər ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçiriləcək layihə əslən başqa millətdən olan, Böyük Vətən və Qarabağ müharibələrində qəhrəmanlıq və şücaət göstərmiş oğul və qızlarımızın əziz xatirəsinə həsr olunur.

Layihə müddətində Böyük Vətən və Qarabağ müharibələrindən bəhs olunan kitabça hazırlanaraq çap olunacaq və üç ali təhsil ocağında paylanılacaq.
Eyni zamanda, yeniyetmə və gənclərimizin maarifləndirilməsi üçün koronavirus (COVID-19) virusundan qorunma və gigiyenik qaydalara əməl olunması qaydalarını özündə əks etdirəcək məlumatlandırma bukleti hazırlanacaq. Bundan başqa, layihənin icra olunduğu dövrdə otuz şəhid ailəsinə ərzaq yardım paketləri çatdırılacaq.
Layihənin məqsədi gənclərin ictimai-siyasi həyatda fəallığını artırmaq, ölkənin mənafeyi, xalqımızın rifahı naminə vətənpərvərlik ruhunda tərbiyə olunmasıdır. Həmçinin milli-mənəvi dəyərlərimizin cəmiyyətdə daha geniş yayılması, ölkədə yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsi sahəsində görülən işlərdə yaxından iştirak etməsidir.