Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Füzuli şəhərinin və ətraf kəndlərin düşmən tapdağından azad edilməsi barədə sözləri Misir mətbuatında geniş işıqlandırılıb.
Elitinfo.az xəbər verir ki, Misirin “Akhbarelyom”, “Almasryalyoum”, “Dostor”, “Egyptnewsonline” saytları dövlətimizin başçısının xalqa müraciətində Füzulinin azad edilməsi ilə bağlı müjdəsini yayıblar. Xəbərlərdə Prezident İlham Əliyevin aşağıdakı sözləri qeyd olunub: “…Biz Füzuli şəhərini işğalçılardan azad edə bilmişik. Düşmən son mərhələdə öz silahlarını yerə qoyub qaçmışdı. Bu gün tam məsuliyyətlə deyə bilərəm ki, Füzuli əməliyyatı hərbi kitablara daxil ediləcək. Təkcə Füzuli əməliyyatı yox, başqa əməliyyatlar. Bu gün məndə olan məlumata görə, hərbi mütəxəssislər artıq açıq-aydın bildirirlər ki, Azərbaycan Ordusu böyük döyüş qabiliyyətinə və texniki təminata malik olan bir ordudur”.
Misir saytları Ermənistanın Gəncə şəhərinə ballistik raketlər atması və mülki insanları qətlə yetirməsi ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatını da yayıblar.
Azərbaycanın Misirdəki səfirliyi və AZƏRTAC-ın səyləri ilə oktyabrın 17-də bu ölkənin saytlarında 18 xəbər yerləşdirilib.