Yerevan gecə vaxtı Azərbaycanın dinc əhalisinə terror hücumu edib. Dünya birliyi Gəncə şəhərinə alçaqcasına vurulmuş növbəti zərbəni cavabsız qoymamalıdır. Uşaqlar, qocalar, qadınlar həlak olub… Buna görə hiddəti bildirmək üçün söz tapmaq olmur… Paşinyan rejiminin təqsiri üzündən bu region tammiqyaslı müharibəyə cəlb edilir.

Elitinfo.az xəbər verir ki, beynəlxalq münaqişələr üzrə rusiyalı ekspert Yevgeni Mixaylov bu fikirləri özünün “Facebook” səhifəsində şərh edib.

Y.Mixaylov öz videomüraciətində daha sonra xatırladıb ki, Azərbaycan özünün işğal olunmuş ərazilərinin azad edilməsi uğrunda mübarizə aparır. Ekspert əmin olduğunu bildirib ki, bu ölkə öz torpaqlarını geri qaytaracaq. Y.Mixaylov deyib: “Erməni qoşunları bütün cəbhələrdə itki verir və geri çəkilir. Ermənistan qisas almaq məqsədilə Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə növbəti dəfə raket zərbələri endirib. Özü də gecə vaxtı, alçaqcasına. Uşaqlar, qadınlar, adi mülki əhali həlak olub. Buna heç vəchlə haqq qazandırmaq olmaz”.

Ekspert əmindir ki, Yerevan qəsdən öz ərazisinə cavab zərbəsi endirməyə təhrik edir, istəyir ki, KTMT qüvvələri hərbi əməliyyatlara qoşulsun. O deyib: “Bu təşkilata daxil olan ölkələr Ermənistanın guya təcavüzkardan müdafiə olunmasına kömək etməli olacaqlar. Mənim fikrimcə, indiki vəziyyət erməni hərbçilərinin düşündüyü kimi deyil. Siz dinc əhaliyə zərbələr endirərkən cavab zərbəsi gözləməlisiniz. KTMT-nin buna mane olacağına şübhə edirəm”.

Yevgeni Mixaylov sonda deyib: “Vəziyyət çox mürəkkəbdir. Yerevan açıq-aydın terror fəaliyyəti ilə məşğul olur. Sonra nə olacaq və necə olacaq – bunu zaman göstərər. İndi isə gördüyümüz budur ki, Yerevan, ilk növbədə, dinc əhaliyə zərbə vurur. Üstəlik, əvvəllər – 1990-cı illərdə olduğu kimi, birinci növbədə, dinc əhali məhv edilir. O vaxt, Dağlıq Qarabağda ilk hərbi əməliyyatlar zamanı, insanların başları kəsilir, onları diri-diri yandırırdılar. Təkcə Xocalı soyqırımını xatırlamaq kifayətdir. İndiyə qədər bu soyqırımına heç kəs lazımınca qiymət verməyib. Yalnız ayrı-ayrı dövlət xadimləri bununla əlaqədar öz mövqelərini bildiriblər. Mənim fikrimcə, dünya birliyi bu vəziyyətdən müəyyən nəticələr çıxarmalı, Ermənistan dövlətinin rəhbərlərinə qarşı sanksiyalar tətbiq etməli və sonda Nikol Paşinyanı və ətrafındakıları Haaqa Tribunalına cəlb etməlidir”.