Azərbaycanın 20 faiz ərazisi işğal olunub və BMT-nin bu ərazilərin azad edilməsi üçün 4 qətnaməsi var. Bu qətnamələr göstərir ki, Dağlıq Qarabağ Azərbaycanın ərazisidir.

Elitinfo.az xəbər verir ki, bu sözləri İranın Türkiyədəki səfiri Məhəmməd Fərazmənd deyib.
Diplomat Ankarada fəaliyyət göstərən Strateji Araşdırmalar İnstitutunun təşkil etdiyi tədbirdə “Ermənistan-Azərbaycan münaqişəsində İranın mövqeyi və Qafqaz siyasəti” mövzusunda çıxış edib. O deyib ki, ATƏT-in Minsk qrupuna daxil olan dövlətlərin bölgədə fərqli maraqları var. Bu maraqların üst-üstə düşməməsi münaqişənin uzanmasına səbəb olub və Azərbaycan özünün ərazi bütövlüyünü bərpa etməyə qərar verib. Bu münaqişə İranını da narahat edir. Rəsmi Tehran bu münaqişənin sülh yolu ilə beynəlxalq qanunlara uyğun şəkildə həll olunmasına tərəfdardır.

Səfir vurğulayıb ki, İran Azərbaycanın ərazi bütövlüyünü tanıyır və suverenliyinə hörmətlə yanaşır.

Tədbirdə Türkiyənin millət vəkilləri və vətəndaş cəmiyyətinin nümayəndələri də iştirak ediblər.