Azərbaycan-Monteneqro Mədəni-İqtisadi Mərkəzinin direktoru Seyran Mirzəzadə Serbiyanın “Национална ТВ” kanalının “Nəzər nöqtəsi” verilişinin canlı efirində Dağlıq Qarabağ münaqişəsinin tarixi, Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyi və Ermənistanın təcavüzkar siyasəti haqqında ətraflı məlumat verib.

Elitinfo.az xəbər verir ki, Azərbaycanın bütün ölkələrin, o cümlədən Serbiyanın da ərazi bütövlüyünü tanıdığını və beynəlxalq ictimaiyyətdən və digər ölkələrdən eyni yanaşmanı gözlədiyini, bütün münaqişələrin həlli üçün beynəlxalq hüququn əsas götürülməli olduğunu bildirib.

Ermənistanın öz təcavüzkar siyasətinə don geydirmək üçün bu münaqişəni dinlərarası müharibə kimi qələmə vermək səylərinin heç bir məntiqi və əsası yoxdur. Monoetnik Ermənistandan fərqli olaraq, Azərbaycan multietnik dəyərlərə söykənən, dini tolerantlığın hökm sürdüyü ölkədir. Azərbaycan, ölkələri və xalqları dini və milli mənsubiyyətinə görə bölmür. Məhz bunun sübutudur ki, Azərbaycan dövləti Belqrad şəhərindəki “Bayraklı cami” məscidi ilə Serbiyanın digər şəhərindəki “Müqəddəs Petka” kilsəsinin bərpasını eyni gündə başlayıb və eyni gündə də bitirib. Son sel daşqınları zamanı Azərbaycan dövlətinin humanitar yardım təyyarələri Belqrad və Sarayevo şəhərlərinə eyni anda enib. Ermənistanın Azərbaycanı dinlərarası münaqişədə günahlandırması əsassız və məntiqsizdir.

Həmçinin, Ermənistan güclü ordusu haqqında yaratdığı miflərin dağıldığını görərək, təkcə Azərbaycan ordusu ilə deyil bir sıra ölkələrin orduları və terrorçularla müharibə aparması haqqında fikirləri cəfəngiyatdır. Bu gün Azərbaycan ordusu beynəlxalq hüquq prinsiplərindən çıxış edərək ərazisindəki qeyri-qanuni silahlı birləşmələri və işğalçıları sərhədlərindən çıxarmağa davam edir.
Dağlıq Qarabağdakı ermənilərin öz müqəddəratını müəyyən etmək hüququnun olması haqqında fikirlər separatçılığa hüququ don geyindirmək cəhdindən başqa bir şey deyildir. Erməni xalqı müqəddəratını müəyyən edib və Ermənistan respublikası mövcuddur.

Ermənistanın öz işğalçı ordularını işğal olunmuş ərazilərdən çəkməzsə və ya uzunmüddətli müharibəyə cəhd edərsə, nəinki məcburi olaraq Dağlıq Qarabağdan çıxarılacaq, hətta bütün erməni xalqı humanitar fəlakətlə üzləşəcək.