Xorvatiyanın məşhur ictimai-siyasi “Nacional” jurnalında Azərbaycanın Xorvatiyadakı səfiri Fəxrəddin Qurbanovun müsahibəsi dərc olunub.
Elitinfo.az xəbər verir ki, səfir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və səbəbləri barədə jurnala geniş məlumat verib. Diplomat Azərbaycan torpaqlarının təcavüzkar erməni qoşunları tərəfindən işğal edilməsi, 1 milyondan çox insanın qaçqın düşməsi və münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin olduğu barədə danışıb. Ermənistan tərəfindən törədilən təxribatlar, o cümlədən erməni rəhbərliyinin yeni hərbi doktrinası barədə söz açıb. Son illərdə gedən danışıqların bir nəticə vermədiyi və beynəlxalq ictimaiyyət tərəfindən Ermənistana lazımi təzyiqin edilməməsi səbəbindən münaqişənin hazırda yenidən qızışmasının baş verdiyi bildirilib. Ermənistan silahlı hücumunun təfərrüatları barədə məlumat verilib.
Eyni zamanda Türkiyə və NATO ilə münasibətlərə dair suallara cavab verən səfir qeyd edib ki, Ermənistan tərəfinin bəyan etdiyi kimi güya Suriyadan gətirilən muzdluların Azərbaycan tərəfində vuruşması və başqa əsassız bəyanatların məqsədi digər ölkələri münaqişəyə cəlb etmək və Azərbaycana təzyiqləri artırmaqdır.