Oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyanın Ria Novosti agentliyinə müsahibə veriblər. Bu müsahibəni Ermənistan yalanlarına qarşı Azərbaycan həqiqətləri kimi də qiymətləndirmək lazımdır.

Bütün tarixi həqiqətləri hər zaman təhrif edən Ermənistan rəhbərliyinin hər zamankı riyakarlığı son müsahibədə də bir daha özünü qabarıq şəkildə göstərdi. “Rossiya Seqodnya Beynəlxalq İnformasiya Agentliyi” media qrupunun baş direktoru Dmitri Kiselyov həm Azərbaycan Prezidentinə, həm də Paşinyana eyni suallar ünvanlasa da, cavablar fərqli oldu.

Azərbaycan Prezidenti bütün sualları tutarlı arqumentlərlə əsaslandıraraq əhatəli şəkildə cavablandırdı və Dmitri Kiselyov üçün heç bir qaranlıq məqam qalmadı. Azərbaycan Prezidentinin hər suala cavabı bir daha göstərirdi ki, dövlətimizin başçısı üçün xalqının milli maraqlarından ümdə heç nə yoxdur. Paşinyan isə hər dəfə yalan, əsassız ittihamlar səsləndirməklə suallara konkret cavab verməkdən çəkinirdi.

D.Kiselyovun hərbi əməliyyatlar və itkilərlə bağlı ilk sualını Azərbaycan Prezidenti əhatəli şəkildə cavablandıraraq, hərbi əməliyyatların başlama səbəblərindən danışdı, Ermənistanın dinc əhaliyə qarşı müharibə apardığını faktlarla isbatladı, Ordumuzun uğurlarından bəhs etdi. İtkilərə gəldikdə isə, dövlətimizin başçısı dinc əhali ilə bağlı statistikanı təqdim etdi və hərbçilər arasında itkilər barədə hərbi əməliyyatların qızğın fazası bitdikdən sonra məlumat veriləcəyini diqqətə çatdırdı.

Eyni sual Nikol Paşinyana da verilir. Lakin mahiyyəti üzrə cavab alınmadığına görə sual bir daha izah formasında verilir. Fikirlərini aydın ifadə etməyi bacarmayan Paşinyan müharibənin miqyasının böyük olduğunu, itkilərin çoxluğunu vurğulayır. Paşinyan bu dəfə də məğlubiyyətini sanki sığortalayırmış kimi, belə bir ifadə işlədir: “Faktiki olaraq deyə bilərik ki, hazırda Türkiyə və Azərbaycanın Qarabağ üzərində nəzarəti blitskriqlə ələ keçirmək planları baş tutmayıb”. Azərbaycan rəsmi şəkildə dəfələrlə bəyan edib ki, qardaş Türkiyənin Azərbaycana yalnız mənəvi dəstəyi mövcuddur. Azərbaycanın peşəkar və müasir hərbi texnika ilə təchiz edilmiş Azərbaycan Ordusu öz doğma torpaqlarını işğaldan azad etmək qüdrətinə malikdir və bu gün Ordusu döyüş meydanında haqq-ədalətin bərpası uğrunda mübarizə aparır. Digər tərəfdən, müharibənin ilk günlərində Ordumuz düşmənə sarsıdıcı zərbələr vuraraq işğal altında olan torpaqların bir hissəsini azad edib. Ötən 19 gün ərzində 40-dan çox yaşayış məntəqəsi, mühüm strateji yüksəkliklər işğalçılardan təmizlənib. Qısa müddət ərzində qazanılan bu uğur elə Azərbaycan Ordusunun gücündən və qüdrətindən xəbər verir.

D.Kiselyovun ikinci sualı isə Suriya və Liviyadan muzdluların Azərbaycanda döyüşlərə cəlb edilməsi ilə bağlı Ermənistan tərəfindən irəli sürülən əsassız iddialarla bağlı idi.

Dövlətimizin başçısı İlham Əliyev bu suala da faktlara və arqumentlərə əsaslanan dolğun cavab verərək bildirdi ki, Ordumuzda hazırda 100 mindən çox döyüşçü var. Zərurət yaranarsa, səfərbərlik hesabına bu rəqəm bir neçə dəfə artırıla bilər.

Bu rəqəm bir daha yayılan şayiələrin nə dərəcədə əsassız olduğunu təsdiqləyir. Dövlətimizin başçısı, həmçinin Azərbaycanın malik olduğu pilotsuz uçuş aparatlarının və digər texnikaların da döyüş meydanında düşmənin canlı qüvvəsini və texnikasını məhv etdiyi bildirdi. Azərbaycan Prezidenti qəti şəkildə vurğuladı ki, Azərbaycan silahlı dəstələr qarşıya qoyulan istənilən vəzifəni yerinə yetirməyə tam qadirdir və ölkəmizdə heç bir muzdlu yoxdur.

Eyni məzmunlu suala cavabında isə Ermənistanın baş naziri heç bir fakt təqdim edə bilməyərək, xarici mediada yazılan hansısa yazıları, feyk məlumatları əsas kimi göstərdi. Bu dəfə isə Türkiyə hərbiçiləri və muzdlularla yanaşı, Pakistan hərbiçilərinin də guya Azərbaycan tərəfindən döyüşdüyünü dilə gətirir. Lakin heç bir fakt irəli sürmədən bu cür iddialarla çıxış etmək, sadəcə, gülünc görünür və Paşinyanın nə özünə, nə də təmsil etdiyi xalqına baş ucalığı gətirmir. Görünən odur ki, o, öz hakimiyyətini qorumaq üçün son cəhdlərini edir.

Bütün müsahibə müddətində Azərbaycan Prezidentinin bütün suallara natiqliklə, böyük məharətlə, məntiqi ardıcıllıqla cavab verərək dünya ictimaiyyətini, o cümlədən Rusiya auditoriyasını həqiqəti əks etdirən informasiyalarla təmin etmiş oldu və şübhəyə yer qoymadı.

Uydurma xəyallar içində özünü itirmiş, fikirlərini normal izah edə bilməyən Paşinyan isə növbəti dəfə cılızlığını, səriştəsizliyini ortaya qoymuş oldu.