Tailand hökuməti paytaxt Banqkokda davam edən etiraz aksiyalarının qarşısını almaq üçün fövqəladə vəziyyət elan edib.

Elitinfo.az yerli KİV-lərə istinadla xəbər verir ki, Baş Nazir Prayut Çan-o-çanı devirməyə və yeni Konstitusiyanı qəbul etməyə çağıran etirazçılar hökumət evinin qarşısında çadırlar qurub, bundan başqa, kral kortejinin yolunu kəsiblər.

Tailandda COVID-19 pandemiyası səbəbindən daha əvvəldən fövqəladə vəziyyət qüvvədə idi. Amma paytaxtda davam edən etiraz aksiyaları səbəbindən Baş Nazir fövqəladə vəziyyətin daha da sərtləşdirilməsinə qərar verib. Yeni qərarla 5 nəfərdən artıq icazəsiz toplaşmalar qadağan edilib. Polisin reydlərə başlamazdan əvvəl etirazçıların bir hissəsi ərazini tərk edib. Onların liderləri aksiyaların şəhərin digər hissələrində davam edə biləcəyini açıqlayıblar. Polis istənilən etiraz aksiyasının dağıdılacağı barədə xəbərdarlıq edib.

Qeyd edək ki, Banqkokda mart ayında tələbələrin başlatdığı etiraz aksiyaları koronavirusun yayılması səbəbindən dayandırılmışdı. İyulda aksiyalar yenidən qızışıb. Son etiraz yürüşü oktyabrın 14-də minlərlə adamın iştirakı ilə başlayıb. Onların əsas istəklərindən biri də Tailandın konstitusiyalı monarxiyasında islahatların aparılmasıdır. Mühafizəkar qruplar isə etirazçıların monarxiyaya son vermək istədiklərini iddia edirlər. Bu səbəbdən yürüşlər zamanı iki tərəf arasında kiçik toqquşmalar da baş verib.

Etirazçılar 2014-cü ildə kütləvi etiraz aksiyaları və küçə iğtişaşları fonunda hərbi çevriliş edərək hakimiyyətə gələn quru qoşunlarının komandanı general Prayut Çan-o-çanın demokratiyanı boğduğunu iddia edir.