Azərbaycan Respublikasının Qətər Dövlətindəki səfiri Rəşad İsmayılov bu ölkənin Məşvərət Şurasının (Parlament) Qətər-Asiya Dostluq Qrupunun rəhbəri Raşid bin Həməd Əl-Meadhadi ilə görüşüb.

Ölkəmizin Qətərdəki səfirliyindən Elitinfo.az-a bildiriblər ki, görüşdə Azərbaycan-Qətər əlaqələri və bu münasibətlərin inkişafında parlamentlərarası əməkdaşlığın rolu barədə fikir mübadiləsi aparılıb.

Səfir R.İsmayılov Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və ərazilərimizin işğalı barədə dostluq qrupunun rəhbərini məlumatlandırıb, münaqişənin tarixi və hüquqi aspektləri barədə ətraflı danışıb. Həmçinin Ermənistanın sentyabrın 27-dən bəri mülki əhaliyə qarşı törətdiyi terror əməlləri barədə geniş faktlar və fotomateriallar qarşı tərəfin diqqətinə çatdırılıb.

Dostluq qrupunun rəhbəri R.Əl-Meadhadi öz növbəsində ölkəsinin beynəlxalq hüquq və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri çərçivəsində dost Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını dəstəklədiklərini bildirib.