Oktyabrın 14-də Xəzər Regionunun Ətraf Mühitinin Mühafizəsi Təşəbbüsü (Caspian Environmental Protection Initiative – CEPI) üzrə İcra Komitəsinin ilk iclası keçirilib.

Elitinfo.az xəbər verir ki, CEPI-nin İcra Komitəsinin sədri, SOCAR-ın ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadənin rəhbərliyi ilə keçirilən iclasda gündəlikdə duran məsələlərə baxılıb, 2021-ci il üçün İş Planı müzakirə olunaraq təsdiqlənib və layihə koordinatoru seçilib. Bundan başqa, CEPI-nin strategiyasına uyğun olaraq, SOCAR-ın Xəzər regionunda alternativ və bərpaolunan enerji mənbələrindən istifadə üzrə yeni layihə ideyası nəzərdən keçirilib və İş Planına daxil edilib.

2021-ci ildə “Net Zero” məqsədlərini təşviq etmək və geniş ictimaiyyətə ətraf mühitin qorunması istiqamətində davamlı olaraq məlumatların çatdırılması üçün tədbirlərin və treninqlərin təşkil edilməsinə dair da razılıq əldə olunub.

Məlum olduğu kimi, Xəzər regionunun ekoloji dayanıqlılığına təhlükə yaradan iqlim dəyişikliyi ilə mübarizə aparmaq, istixana qazlarının emissiyasını və ətraf mühitə atılan zərərli maddələrin qarşısını almaq üçün birgə proaktiv addımların atılması zəruridir. Bu səbəbdən SOCAR, “KazMunayQaz”, BP, “Equinor Abşeron AS”, “Total E&P Absheron B.V.” şirkətlərinin təsisçiliyi ilə Xəzər Regionunun Ətraf Mühitinin Mühafizəsi Təşəbbüsü adlı səmərəli və müstəqil fəaliyyət göstərən regional təşəbbüs qrupu yaradılıb.

Cari il sentyabrın 14-də Ekopark: Ekoloji Tədqiqatlar Mərkəzində SOCAR-ın prezidenti Rövnəq Abdullayev, “KazMunayQaz” şirkətinin idarə heyətinin sədri Alik Aidarbayev, BP şirkətinin Azərbaycan, Gürcüstan, Türkiyə regionu üzrə prezidenti Qəri Counzs, “Equinor Abşeron AS” şirkətinin Azərbaycan üzrə ölkə meneceri Favad Qureyşi, “Total E&P Absheron B.V.” şirkətinin idarəedici direktoru Regis Agut tərəfindən CEPI üzrə anlaşma memorandumunun imzalanması tədbiri keçirilib.