Bakıdan Gürcüstan sərhədinədək 503 kilometr məsafəni əhatə edən M2 magistralının Bakıdan Gəncə şəhərinədək olan hissəsinin müxtəlif illərdə I texniki dərəcəyə təkmilləşdirilməsi işləri yekunlaşdırılıb. Hazırda isə magistral yolun 130 kilometrlik Gəncə-Qazax-Gürcüstan sərhədi hissəsinin 4 hərəkət zolağına genişləndirilməsi layihəsinin icrası davam etdirilir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Elitinfoa.az-a bildirilib ki, tikinti-quraşdırma işləri magistral avtomobil yolunda vətəndaşların rahat və maneəsiz hərəkəti dayandırılmadan yerinə yetirilir. Layihəyə əsasən, yolun ümumi eni 27,5 metrdir. Hər birinin eni 3,75 metr olmaqla 4-6 hərəkət zolağından ibarət yolun örtüyü polimer asfalt-beton olacaq.

Hazırda yolboyu yeni torpaq yatağının tikintisi, qaya dolğusu və dənəvər tərkibli əsasın tikintisi, həmçinin suöütürücü boruların, alt keçidlərin və körpülərin inşası işləri aparılır. Buna paralel olaraq qırmadaşlı əsasın tikintisi və asfalt-beton örtüyünün döşənməsi işləri də görülür.

Layihə çərçivəsində 26 yol qovşağı və ötürücüsü, 16 avtomobil körpüsü, 73 yeraltı keçid, 42 düzbucaqlı su keçidi, 547 dairəvi suötürücü boru inşa edilir, zəruri yerlərdə 85 avtobus dayanacağı quraşdırılacaq. Artıq müxtəlif süni qurğuların inşası istiqamətində işlərin böyük hissəsi yerinə yetirilib. Ümumilikdə isə yolboyu işlərin fiziki tərəqqisi 55 faiz təşkil edir. Layihənin icrası zamanı tikinti ərazisinə və mühafizə zolaqlarına düşən maneələrin köçürülməsi, torpaqlara görə vətəndaşlara kompensasiyaların ödənilməsi qanunvericiliyə əsasən həyata keçirilir.

Ümumilikdə isə, 130 kilometrlik Gəncə-Qazax-Gürcüstan sərhədi hissəsinin 4 hərəkət zolağına genişləndirilməsi və sürətin artması nəticəsində I texniki dərəcəli avtomobil yolu ilə vətəndaşların rahat və təhlükəsiz gediş-gəlişi təmin ediləcək.

Layihə tam reallaşdırılandan sonra şərqdən qərbə və əks istiqamətdə Böyük İpək Yolunun Azərbaycandan keçən hissəsi olan Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolu Avropa ilə Asiya arasında avtomobillə beynəlxalq və daxili yükdaşımaların artmasında önəmli rol oynayacaq. Həmçinin yolun tikintisi kənd təsərrüfatı, turizm və sənayenin inkişafına gətirib çıxarmaqla yolboyu yaşayan əhalinin sosial həyatına müsbət təsir göstərəcək.

Prezident İlham Əliyevin tapşırıq və sərəncamlarına əsasən, istər Şərq-Qərb, istərsə də Şimal-Cənub istiqamətində avtonəqliyyat vasitələri ilə beynəlxalq yükdaşımaları dəhlizi üzərində yerləşən avtomobil yollarının müasir səviyyədə yenidən qurulması və bu istiqamətdə aparılan uğurlu islahatlar nəticəsində son 15 ildə I texniki dərəcəli yolların uzunluğu 8 dəfəyə qədər artaraq 1000 kilometri keçib.