“Sədərək” Ticarət Mərkəzinin açılması ilə bağlı sahibkarlar Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Xarici siyasət məsələləri şöbəsinin müdiri  Hikmət Hacıyevə müraciət ünvanladı. Müraciəti olduğu kimi dərc edirik.

 

Hörmətli Hikmət müəllim!

Möhtərəm cənab Prezidentimizin Azərbaycan Respublikasının hərtərəfli inkişafı naminə gördüyü işlər, həyata keçirdiyi sosial-iqtisadi siyasət, o cümlədən sahibkarlığın dəstəklənməsi istiqamətində qəbul etdiyi qərarlar ölkəmizin iş adamları tərəfindən rəğbətlə qarşılanır. Ölkəmizin koronavirus pandemiyası ilə bağlı ciddi sınaq qarşısında qaldığı bu dövrdə cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən effektiv tədbirlər sayəsində vəziyyətin vaxtında nəzarətə götürülməsi, xəstəliyin geniş yayılmasının qarşısının alınması, eyni zamanda əhalinin sosial təminatı, iş yerləri müvəqqəti bağlanmış insanların güzəranı ilə bağlı verilən qərarlar dövlətimizin gücünü və humanist mahiyyətini bir daha nümayiş etdirmişdir.

Məlumdur ki, pandemiya ilə bağlı həyata keçirilən zəruri tədbirlər çərçivəsində iri ticarət mərkəzləri də fəaliyyətini dayandırmış, bu sahədə çalışan sahibkarlar maddi çətinliklər ilə üzləşmişlər. Bu insanlara dəstək məqsədilə sosial-iqtisadi tədbirlər paketinin hazırlanması, o cümlədən vergi və sair sahələrdə güzəştlərin edilməsi barədə cənab Prezidentin sərəncam və tapşırıqları sahibkarlığın inkişafına qayğısının bariz nümunəsidir.

Biz – iş adamları dövlət başçımızın gördüyü bu işlərə, həyata keçirdiyi siyasətə daim öz töhfəmizi verməyə çalışırıq. Onu da qeyd etmək istərdik ki, cənab Prezidentin 2020-ci il 19 mart tarixli Fərmanı ilə Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılmasından sonra müvafiq çağırışa ilk olaraq qoşulanlardan biri “Sədərək” firmasının təsisçisi Yusif Qədimbəyli olmuşdur. O, öz peşəkarlığı, qayğıkeşliyi və işgüzarlığı ilə biz sahibkarlara hər zaman maksimum diqqət və qayğıyla yanaşır, problemlərimizi həll edir.

Bildiyimiz kimi, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarları ilə 2020-ci il 5 avqust tarixindən etibarən sərtləşdirilmiş xüsusi karantin zonasına daxil olan şəhər və rayonlarda vətəndaşların yaşayış yerini tərk etməsi və sərbəst hərəkəti ilə bağlı məhdudiyyətlər ləğv edilmiş, 2020-ci il avqustun 10-dan etibarən iri ticarət mərkəzləri istisna olmaqla bəzi istehsal, ticarət və xidmət sahələrinin fəaliyyətinə icazə verilmişdir. Nazirlər Kabineti tərəfindən verilən qərara uyğun olaraq, “Sədərək” ticarət mərkəzində fəaliyyət göstərən sahibkarlar da yalnız onlayn satış həyata keçirir. Karantin rejiminin yumşaldılması barədə qərarlardan sonra ticarət mərkəzinə onlayn mal sifarişi ilə bağlı gələn alıcı sayı kəskin surətdə çoxalıb. Bu şəraitdə elektron keçid məntəqələrində yüzlərlə insanın və avtomobillin yığışması, onlayn ticarətlə bağlı alıcıların ticarət mərkəzinin ərazisinə buraxılmasında sıxlığın yaranması müəyyən narazılıqlar doğurur, həmçinin yollarda tıxacların əmələ gəlməsinə və Qaradağ rayonunun mərkəzinə gedən yolun bağlanmasına səbəb olur. 15 sentyabrda tədris ilinin başlanması və bir çox insanların bu ərəfədə zəruri alış-veriş etmək ehtiyacının olması da ticarət mərkəzinə alıcı kütləsi axınını artırır və bir çox insanlar əraziyə buraxılmadıqları üçün gərginlik yaranır. Karantin rejimində növbəti yumşalma tədbiri kimi 2020-ci il sentyabrın 8-dən Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu və ölkənin digər şəhər və rayonlarına gediş-gəlişlə əlaqədar məhdudiyyətlərin aradan qaldırılması (şəhərlərarası və rayonlararası sərnişindaşıma istisna olmaqla) bu tarixdən etibarən ticarət mərkəzinə alıcı axınını daha da artıracaqdır. Onu da qeyd etmək istərdik ki, mövcud vəziyyətdə ticarət mərkəzində fəaliyyət göstərən minlərlə sahibkarın mövsümi mallarını satışa çıxara bilməməsi onların maddi rifah halına da mənfi təsir edir.

Bütün bunları nəzərə alaraq, cari ilin 15 sentyabrınadək ticarət mərkəzi ərazisində sahibkarların pərakəndə satış həyata keçirməsinə icazə verilməsi məsələsinə baxılmasına köməklik göstərməyinizi Sizdən xahiş edirik. Ümidvarıq ki, bu məsələnin müsbət həll olunmasında dəstəyinizi əsirgəməyəcəksiniz.

“Sədərək” ticarət mərkəzi ərazisində pandemiya dövründə virusun yayılmasının qarşının alınması üçün mümkün olan bütün preventiv tədbirlər yerinə yetirilmişdir və bundan sonra da mövcud vəziyyətlə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən təsdiq olunan sanitar-epidemioloji qaydalara riayət olunmasını  daima nəzarətdə saxlayacağıq.

Bu çətin günlərdə bizə göstərilən qayğıya görə bir daha dövlətimizə,  möhtərəm cənab Prezidentə minnətdarıq.

Hörmətlə,

“Sədərək” Ticarət Mərkəzinin ərazisində sahibkarlıq fəaliyyəti ilə məşğul olan sahibkarlar.