Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin birgə həyata keçirdiyi “Sosial bağlar” layihəsinə cəlb olunan iştirakçılara dəstək məqsədilə bir sıra tədbirlər həyata keçirilir.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən Elitinfo.az-a verilən məlumata görə, ilk növbədə, iştirakçıların və onlar üçün yaradılacaq bağçılıq təsərrüfatının növ seçimi aparılır, iştirakçılar üçün biznesə başlama və biznesin idarə edilməsinə dair təlimlər keçirilir.

Növbəti mərhələdə torpaq sahələri əkin üçün hazır vəziyyətə gətirilir, ərazi köhnə ağac, kol və daşlardan təmizlənəndən sonra tinglər əkilir. Ərazi hasara alınır, elektrik xətləri çəkilir və damla suvarma sistemi quraşdırılır.

Həmçinin bağlarda mütəmadi monitorinqlər keçirilərək mövcud vəziyyət qiymətləndirilir. İştirakçılar gübrə və dərman vasitələri ilə təmin edilir, onlara lazımi aqrotexniki və digər məsləhət xidmətləri göstərilir. Qurumuş və inkişafdan qalmış tinglər yeniləri ilə əvəz edilir, iştirakçıların avadanlıqlara olan əlavə ehtiyacları təmin olunur.

Qeyd edək ki, 2018-ci ildən reallaşdırılan layihə çərçivəsində 375 ailə üçün bağ salınıb. Bu il 16 rayon üzrə 250 aztəminatlı ailə üçün intensiv meyvə bağlarının yaradılması da nəzərdə tutulur. Hazırda layihəyə müraciətlərin həmin rayonlar üzrə Ərazi Məşğulluq Mərkəzləri tərəfindən qeydiyyatı davam edir.

Müraciətlər sentyabrın 1-dək qəbul edilir.