Ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə istiqamətində son 6 ayda əsaslı işlər görülüb. Bunlardan biri də məhz respublikamızda əhalinin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi üçün xüsusi karantin rejiminin tətbiq edilməsi oldu. Sözsüz ki, bu xüsusi karantin rejimi birmənalı olaraq dövlət üçün prioritet mövzu – vətəndaş sağlamlığını təmin edən ən əsas amillərdədir. Bu amil özlüyündə bir sıra məhdudiyyətlər də gətirib. Tətbiq edilən məhdudiyyətlər öz növbəsində koronavirusla mübarizədə irəlləyiş əldə etməyimizə kömək edib.

Bunu mətbuata açıqlamasında Milli Məclisin deputatı Şahin Seyidzadə deyib.

Onun sözlərinə görə, koronavirusla mübarizədə müşahidə olunan müsbət tendensiyalar təhlil edilərək avqustun 10-dan nisbətən yumşalmaya doğru addım atılmış olsa da, virusla mübarizədə təhlükə yaratmağa ciddi əsaslar verən kütləvi yığıncaq, tədbir və mərasimlərin keçirilməməsi ilə bağlı məhdudiyyətlər saxlanılıb. Sözügedən məhdudiyyətlər də sözsüz ki, qanunla tənzimlənərək ölkə vətəndaşı olan hər kəsə – vəzifə və statusundan asılı olmayaraq şamil edilir. Prezident İlham Əliyev də öz çıxışlarında bu məsələyə bir neçə dəfə toxunub. Vəzifəsindən asılı olmayaraq, heç bir şəxs qanun pozutunsuna və yaxud qaydaları riayət edilməsinə hörmətsizlik göstərə bilməz.

Deputat deyib: “Bu, birmənalı olaraq göstərir ki, hər kəs qanun qarşısında bərabərdir. Bizlər istər xüsusi karantin rejimi tətbiq edilən zaman, istərsə də gündəlik həyatda vətəndaşlarımızdan daim qaydalara və tövsiyələrə əməl etmələrini gözləyirik. Cəmiyyətdə daim öndə olan simalar hər zaman müəyyən kütlə və qrupları, yeri gələndə bütün xalqı düzgün istiqamətləndirməli, dövlətçiliyimizə və suverenliyimizə sadiq cəmiyyətin formalaşması yolunda özünü göstərməlidir. Çünki cəmiyyətin düzgün istiqamətləndirilməsində, gələcək nəslin sağlam düşüncə ilə formalaşmasında, ümumiyyətlə gözlənilmədən üzləşdiyimiz pandemiya dövründə də pərakəndəliyin və xaosun qarşısının alınmasında ictimai-siyasi xadimlərin, məmurların cəmiyyətdəki nüfuzunun xüsusi rolu var. Sözügedən şəxslər cəmiyyət tərəfindən daim rəğbət bəslənilən olmaqla, vəzifə və peşələrinə əsasən diqqət mərkəzində olur. Belə olduğu halda onların qaydalara və töviyələrə daha ciddi əməl etməli olduqları mövzusu ortaya çıxır. Qaydalara məmurlar tərəfindən ciddi yanaşma və riayət etmə təmin olduğu halda vətəndaşlar da məmur, siyasi-ictimai xadim və görkəmli şəxslərin timsalında ali qanunlara, dövlətin tövsiyələrinə daha ciddi yanaşacaq”.

“Sadə vətəndaşlarla yanaşı, istənilən vəzifəli və ya ictimai-siyasi şəxs də qaydalara riayət etməlidir. Qanun-qayda hamı üçün eynidir. Dövlət məmuru, yaxud ictimai-siyasi xadim öz davranışı ilə digərlərinə örnək olmalıdır”, – deyə Ş.Seyidzadə bildirib.