Ekologiya və Təbii Sərvətlər Nazirliyi və BMT-nin İnkişaf Proqramı mövcud su problemlərinə texnoloji həllər tapmaq və suyun həyati əhəmiyyəti ilə bağlı maarifləndirmə işinə dəstək vermək məqsədilə “Hackathon Azerbaijan” komandası ilə birgə su mövzusunda keçirilən ilk virtual hakaton (Aquahack) yarışı başa çatıb.

Azərbaycan Texniki Universitetindən Elitinfo.az-a bildirilib ki, yarış suyun kəmiyyət və keyfiyyətinin qorunması və su ehtiyatlarına təzyiqlərin azaldılması üçün texnoloji ideyalar və həllər təklif etmək məqsədilə keçirilib.

Yarışın final mərhələsi 48 saat davam edib. Bu mərhələdə 30-dan çox komanda münsiflər heyətinin qarşısında öz layihələrini onlayn təqdim edib.

Nəticələrə əsasən, Azərbaycan Texniki Universitetinin “Arducoman” komandası ən yüksək bal toplayaraq yarışın əsas qalibi olub. İkinci yerə “Aquahackermaks” layihəsi, üçüncü yerə isə “Satetllite” layihəsi layiq görülüb.

Qaliblərə birinci yer üçün 5000, ikinci yer üçün 3000 və üçüncü yer üçün 2000 manat mükafat təqdim olunacaq.