İyulun 2-də Avropa İttifaqının və Avropa Şurasının “Azərbaycanda məhkəmə sisteminin səmərəliliyinin və keyfiyyətinin artırılması” birgə lahiyəsi çərçivəsində “Məhkəmə sistemi üçün kommunikasiya strategiyası” mövzusunda videokonfrans rejimində Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə, Avropa Şurasının Bakıdakı Ofisinin nümayəndəsi-lahiyənin rəhbəri Vəfa Rövşənova və Avropa Şurasının milli eksperti Leyla Mədətli arasında görüş keçirilib.

Bu barədə Elitinfo.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, görüş zamanı Baş Prokurorluğun mətbuat xidmətinin kommunikasiya strategiyasında maraqları, mətbuat sahəsi üzrə müvafiq qanunvericilik və təlimatlar, o cümlədən digər hakimiyyət orqanları ilə birgə əməkdaşlıq məsələləri barədə geniş fikir mübadiləsi aparılıb.

Tədbir zamanı həmçinin, prokurorluq orqanlarının informasiya siyasəti, o cümlədən media əlaqələri ətrafında diskussiyalar aparılmış, kommunikasiya sahəsində güclü və zəif tərəflər, imkanlar və təhlükələr ilə əlaqədar geniş müzakirələr aparılıb.