Dünyada əhalinin adambaşına düşən balıq istehlakı yeni rekord səviyyəyə – ildə 20,5 kiloqrama çatıb. Onun ərzaq təhlükəsizliyi və qida təminatında əhəmiyyətli rolu nəzərə alınarsa, qarşıdakı onillikdə bu səviyyə daha da artacaq. Akvakulturanın (su mühitində faydalı orqanizmlərin yetişdirilməsi) dayanıqlı inkişafı və balıqçılığın səmərəli idarə edilməsi bu tendensiyaların dəstəklənməsində mühüm rol oynayır.
BMT-nin Kənd Təsərrüfatı və Ərzaq Təşkilatının (FAO) mətbuat xidmətinə istinadla xəbər verir ki, bu barədə FAO-nun yeni məruzəsində bildirilir.
“Dünyada balıqçılığın və akvakulturanın vəziyyəti” adlı məruzədə göstərilir ki, balıq istehsalının ümumi həcmi 204 milyon tonadək artacaq. Bu, 2018-ci illə müqayisədə 15 faiz çoxdur. Həmçinin hazırda 46 faizə çatan akvakulturanın da payı artacaq. Belə artım əvvəlki onillikdə qeyd olunan artımın təqribən yarısını təşkil edir. Bunun sayəsində 2030-cu ilədək balığın qidada adambaşına düşən istehlakı proqnozlara görə ildə 21,5 kiloqrama çatacaq.
“Balıq və balıqçılıq məhsulları planetdə təkcə ən sağlam qidaya deyil, həm də təbii mühitə daha az təsir edən qidaya aid edilir”, – deyən FAO-nun baş direktoru Çu Dunyu qeyd edib ki, ərzaq və qida təhlükəsizliyi strategiyasında bütün səviyyələrdə onlara daha böyük diqqət ayırmaq lazımdır.
Baş direktor, həmçinin məruzədə misal gətirilən rəqəmlərə də diqqət yetirib. Bu göstəricilər getdikcə daha çox sübut edir ki, balıqçılığın səmərəli idarə edilməsi balıq ehtiyatlarının dayanıqlılığına və bərpasına aparır. Belə tədbirlərin görülməməsi isə balıq ehtiyatlarının ərzaq təhlükəsizliyinə və dolanışıq vasitələrinə verdiyi töhfəyə təhlükə yaradır. Dayanıqlılığın olmamasını şərtləndirən səbəblər mürəkkəbdir və spesifik qərarlar tələb edir