Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2008-ci il 9 oktyabr tarixli Sərəncamı ilə noyabr ayının 1-i ölkəmizdə Kənd Təsərrüfatı İşçiləri Günü kimi qeyd olunur. Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu bu əlamətdar gün münasibətilə rayonlarda silsilə tədbirlər keçirib.
Elitinfo.az xəbər verir ki, İsmayıllı Bilik Evinin təşkilatçılığı ilə məktəblilərin Keyvəndi kəndində yerləşən “AZZA Aqro” MMC sənaye kompleksinə ekskursiyası təşkil olunub. Kompleksin zootexniki İlyas Fərzəliyev məktəblilərə sənaye müəssisəsinin fəaliyyəti barədə məlumat verərək bildirib ki, Kanadadan gətirilmiş 300 baş südlük cins inəyin saxlanılması üçün müasir standartlara cavab verən şəraitlə təmin edilmiş kompleks 2018-ci ilin avqust ayından istifadəyə verilib. Zootexnik müəssisədə istehsal olunan məhsulun yüksək keyfiyyət göstəricilərinə cavab verdiyini də əsaslı arqumentlərlə diqqətə çatdırıb.
Məktəblilər ümumi məlumat aldıqdan sonra kompleksin istehsal prosesi ilə tanış olublar .
Ağdaş Bilik Evinin təşkilatçılığı ilə rayonun Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Mərkəzin direktoru Tənzilə Şıxıyeva kənd təsərrüfatı sahəsində aparılan islahatlardan, əldə olunan uğurlardan danışıb. Rayon icra hakimiyyətinin sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Xanmusa Əhmədov ölkəmizdə kənd təsərrüfatının modernləşdirilməsi, aqrar sektorda mövcud problemlərin həllinə sistemli və kompleks yanaşılması, ölkənin aqrar potensialının təbliği istiqamətində atılan mühüm addımlardan söz açıb. Ağdaş Dövlət Humanitar Kollecinin tələbə gənclər təşkilatının sədri Dilarə Manafova təhsil müəssisəsində tələbələrin bu sahəyə maraq göstərdiyini vurğulayıb.
Oğuz Bilik Evi bu günü E.Abdullayev adına 2 nömrəli məktəbin kollektivi ilə qeyd edib. Açıq havada keçirilən dərsdə biologiya müəllimi Yeganə Əhmədova şagirdlərə kənd təsərrüfatının iqtisadiyyatımızda yeri və rolu barədə məlumat verib. Dərsin sonunda şagirdlər məktəbin həyətində ağaclar əkiblər.
Ağstafa rayonu Heydər Əliyev Mərkəzində keçirilən tədbirdən sonra iştirakçılar rayonun Aqrar-Sənaye Kompleksində və “Karvan-L EKO” sənaye parkında olublar. Kompleksin və parkın əməkdaşları məktəblilərə müəssisələrin fəaliyyəti barədə məlumat veriblər.